Azərbaycan, Bakı, 25 yanvar /müx. TrendLife Cavid Osmanov/
Bu gün Tələbə günüdür. Bütün ali təhsil ocaqlarında oxuyan tələbələr bu günü çox gözəl qeyd edirlər. Bəs, görəsən şou-biznesin nümayəndələri tələbəlik dövrlərini necə xatırlayırlar? Məhz bu sualla TrendLife bir neçə müğənniyə müraciət etdi.
Müğənni Almaz Ələsgərli :-- Tələbəlik illərim çox gözəl keçib. Bir dəqiqə belə olsun darıxmırdım. Ansamblda oxuyurdum, Rəşid Behbudov kimi sənətkarla çalışırdım. Bütün müsabiqələrdə iştirak edirdim. Fürsətdən istifadə edib, bütün tələbələri bu gün münasibəti ilə təbrik etmək istəyirəm.
Müğənni Elnarə :-- Milli Konservatoriyanın üçüncü kurs tələbəsiyəm. Bu mənim ikinci ali təhsilimdir. Lakin Milli Konservatoriyada özümü əsl tələbə hiss edirəm. Çünki burda doğurdan da maraqlı şeylər öyrənirəm. Bütün tələbələrə xoşbəxtlik arzulayıram.
Mayestro Ceyhun :-- Tələbəlik illərim 90-cı illərə təsadüf edib. Dörd il Sumqayıt Musiqi texnikumunda, dörd il də Bakı Musiqi Akademiyasında təhsil almışam. Gözəl gəzdiyim kimi, yaxşı da oxumuşam. Lakin o biri uşaqlardan fərqli olaraq, gəzmək mənim üçün ikinci planda olub. Bütün tələbələrə ağıllı olmağı arzulayıram.
Müğənni Rüfət Mehdiyev :-- BDU-də təhsil almışam. Tələbəlik illərimin yarısını çayxanada keçirmişəm. Çox yaxşı vaxtlar idi. Bir epizodu danışmaq istərdim. O vaxtlar geoloq fakultəsində oxuyurdum. Müəllimim isə yaşlı adam idi. Zəif eşidirdi. Kristalı əlimə alıb, müəllimdən kənarlaşıb, başladım Puşkinin "Ruslan və Lyudmila" poemasını danışmağa. Lakin tələbələr, gülməkləri ilə məni müəllimə satdılar. Və müəllim işin nə yerdə olduğunu anlayıb, mənə həqiqi iki qiymətini verdi.