...

Rüstəm Zeynallının adamları məni ölümlə hədələyirlər – jurnalist Cavanşir Babəli oğlu

Cəmiyyət Materials 28 Yanvar 2008 16:43 (UTC +04:00)

Azərbaycan, Bakı,28 yanvar /müx. TrendLife Şahin Cavadsoy

"Maşın" realiti şousunun bu dəfəki sürəti, həqiqətən, dəhşətli məqamları ilə yadda qalır. Belə ki, şoudaxili qruplaşmaların, eləcə də, oyundan kənarlaşdırılan bəzi iştirakçıların həyatı təhlükə altındadır. Əgər konkretləşdirib ad çəkməli olsaq, burada həmkarımız Cavanşir Babəlioğlunun adını birincilər cərgəsində çəkə bilərik. Xatırladaq ki, Cavanşir digər iştirakçı- "Şeron" qrupunun rəhbəri Rüstəm Zeynallı tərəfindən oyundan uzaqlaşdırılmışdı. Haqsızlıqla üzləşən Babəlioğlu,TrendLife-a verdiyi geniş açıqlamasını "Maşın"a nə səbəbdən getməsinə aydınlıq gətirməklə başladı: "Lap əvvəldən söylədiyim fikirləri bir daha təkrarlamaq niyyətindəyəm. Anonslarda da belə bir açıqlamam getmişdi ki, bu şouya yaxşı insan olduğumu təsdiqləmək üçün qol qoymuşdum. Zənnimcə, bu istəyimi bir neçə gün şouda iştirak etməyimlə sübuta yetirdim. Ancaq, şoudaxili qruplaşmalardan kənar olduğumdan, təkləndiymi hiss edirdim. Həm də efirdə olmadığımız saatlarda da başa düşdüm ki, başda Murad Dadaşov olmaqla, əksər iştirakçıların bir fikri var. O da jurnalist nüfuzuma zərbə vurmaqdır. Oyundan kənarlaşdırıldığımdan iki gün əvvəl mən anonslardan da çıxarılmışdım".

Rüstəm Zeynallı ilə arasında ədavətin yaranmasını isə Cavanşir belə izah etməyə çalışdı: "Bəri başdan söyləyim ki, Rüstəmlə Rəhim Rəhimli bir qruplaşma yaradıb. Və bu iki iştirakçı həmişə mənimlə söhbətlərində deyirdilər ki, arxayın ola bilərəm. Yəni məni heç vaxt oyundan çıxarmayacaqlar. Amma canlı yayımda tamaşaçılardan səs toplayan Rüstəm, gözlmədiyim bir anda, məni oyundan kənarlaşdırmaq niyyətində olduğunu dilə gətirdi. Bəli, mən də son sözümü deyən məqamda vurğuladım ki, o, verdiyi kişi sözünə əməl etmədi. "Maşın"ın anonslarına baxan tamaşaçılar da şahiddilər ki, orada bütün iştirakçılar maska taxıb. Və mən də bu qənaətdən çıxış edib, bəzi iştirakçıların həqiqətən maskalı olduğunu çəkinmədən bəyan etdim. Hesab edirəm ki, doğru mövqedən çıxış etmişəm".

İndi həyatının təhlükədə olduğu söyləyən Cavanşir, Rüstəmin adamları tərəfindən hədələndiyini də məhz bizə söylədi: "Rüstəm Zeynallının adamları məni ölümlə hədələyirlər. Oyunu tərk etməyimdən günlər keçsə də, hələ də mobil telefonuma tanımadığım şəxslər tərəfindən zənglər daxil olur. Məni hədələyənlər əmr formasında tələb edirlər ki, mütləq şounun canlı yayımına çıxıb, Rüstəm Zeynallıdan üzr istəyim. Bildirim ki, zəng edənlər özlərini "Riyad" təhlükəsizlik xidmətinin əməkdaşları kimi təqdim edirlər. Nəzərə alanda ki, Rüstəm həm də sözügedən təhlükəsizlik xidmətində fəaliyyət göstərir, zənnimcə, artıq hər şey aydındır. Söyləyirəm ki, əgər mənə bir şey olarsa, buna görə "Riyad" təhlükəsizlik xidmətinin əməkdaşları cavab verəcəklər".

Sonda bir məsələni vurğulamaq istərdik ki, Cavanşir Babəlioğlu, Murad Dadaşovun xüsusi ssenarisinə əsasən, "Maşın"la vidalaşmaq məcburiyyətində qaldı. İndi qalır, mədəniyyət yazarlarının Muraddan necə "qisas" alacağı günü gözləmək. Hadisələr onu göstərir ki,.Babəlioğlunun silahdaşları, həm şounun təşkilatçıları, həm də iştirakçıları ilə yüz faiz hesablaşacaqlar. Odur ki, gözləməyə dəyər.

Xəbər lenti

Xəbər lenti