...

Bəzi nəşrlər diplom satmaqla məşğuldur – Mətbuat Şurası

Cəmiyyət Materials 11 Fevral 2008 14:29 (UTC +04:00)
Bəzi nəşrlər diplom satmaqla məşğuldur – Mətbuat Şurası

Azərbaycan, Bakı, 11 fevral / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Mətbuat Şurasının apardığı araşdırmalar nəticəsində məlum olub ki, bəzi "reket" nəşrlər diplom satışı ilə məşğuldur.

"Gurultulu, ibarəli ifadələrlə tərtib olunmuş həmin diplom nümunələri əsasən büdcə təşkilatlarının, sahibkarlıq müəssisələrinin rəhbərlərinə müvafiq məbləğlərin müqabilində satılmaqdadır"-deyə Mətbuat Şurasının sədri Əflatun Amaşov bazar ertəsi Trend ə bildirib.

Onun sözlərinə görə, bəzi şəxslər aidiyyatı oldu-olmadı "nominasiya qalibi" kimi diplomlar alır, çərçivəyə salaraq başları üzərindən asırlar. Mahiyyətcə maraqlanmırlar ki, nəşrin, onun rəhbərliyinin və əməkdaşlarının nə dərəcədə normal mətbuata aidiyyatı var. Halbuki, Mətbuat Şurası dəfələrlə bu məsələ ilə əlaqədar açıqlamalar verib, konkret adlar çəkib.

""Müstəqil dövlət" qəzetinin təsisçisi savadsız və məntiqsiz cümlələrdən tərtib olunmuş "Şərəf və Ləyaqət diplomu"nun Lənkəran və digər bölgələrdə "nominant"larını tapmaq üçün idarə və müəssisələrə baş çəkməli olub. "Ədalət uğrunda" qəzetinin rəhbərliyi də "Şöhrət diplomu"nun faydasını görmək üçün uzun yola çıxmaqdan çəkinməyib"-deyə Amaşov deyib.

Həmçinin bildirilib ki, bu nəşrlərin bəzi nümunələrində görkəmli siyasi xadimlərin adlarından, portretlərindən sui-istifadə hallarına yol verilir.

Mətbuat Şurası bütün bunları nəzərə alaraq ictimaiyyətə müraciətində bildirib ki, bu kimi faktlarla rastlaşarkən vətəndaşlar diqqətli olmalıdırlar.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - sevda

Xəbər lenti

Xəbər lenti