...

Xocalı soyqırımına dair fransız dilində sayt yaradılıb

Cəmiyyət Materials 27 Fevral 2008 16:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 fevral / Trend , müxbir S.İlhamqızı/ Azərbaycanlı Tələbələrin Avropa Forumu Azərbaycan həqiqətlərini, ən yeni tariximizə aid böyük faciələri dünya ictimaiyyətinə çatdırmaq məqsədilə, fransız dilində təbliğat-informasiya xarakterli bir neçə sayt yaratmağa başlayıblar. Bu barədə Trend a Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

İnternet layihələrindən biri - www.khodjali.fr saytı artıq hazırdır. ATAF üzvü Nəsimi Ağayevin tərtib etdiyi bu sayt Xocalı soyqırımından bəhs edir. Saytda Xocalı şəhərinin tarixi, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə 366-cı moto- atıcı alayın törətdiyi qanlı qətliam, bu şəhərin sağ qalan sakinlərinin faciə barədə dedikləri, soyqırımla bağlı xarici KİV orqanlarında dərc olunan yazılar, hadisəni pisləyən rəsmi sənədlər, həlak olan və itkin düşənlərin siyahısı, foto və videomaretiallar, eləcə də Dağlıq Qarabağ münaqişəsi barədə məlumat və digər bilgilər yerləşdirilib.

ATAF-ın növbəti layihəsi www.20janvier.fr saytıdır. Bu domein artıq alınıb və saytın üzərində hazırlıq gedir. Bu saytda 1990-cl il yanvarın 20-də Bakıda sovet qoşunlarının törətdiyi cinayətlər, günahsız, dinc insanların qətli ilə bağlı fransızca ətraflı məlumat yerləşdiriləcək.

Daha sonra isə, www.azerfrance.fr portalı yaradılacaq. Bu domen də alınıb. Portalda Azərbaycan və Fransa haqqında bütün məlumatlara, eləcə də Fransadakı azərbaycanlıların, Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə geniş yer ayrılacaq, həmçinin, Azərbaycanla bağlı yeniliklər fransız oxucularına catdırılacaq.

Xəbər lenti

Xəbər lenti