...

Azərbaycanda qadınlar əsasən təhsil, səhiyyə, mədəniyyət, qeyri-hökumət sektorlarında fəal təmsil olunurlar

Cəmiyyət Materials 5 Mart 2008 12:20 (UTC +04:00)
Azərbaycanda qadınlar əsasən təhsil, səhiyyə, mədəniyyət, qeyri-hökumət sektorlarında fəal təmsil olunurlar

Azərbaycan, Bakı, 05 mart / Trend ", müxbir S.İlhamqızı/ Azərbaycanda qadınlar əsasən təhsil, səhiyyə, mədəniyyət, qeyri-hökumət sektorlarında daha fəal təmsil olunurlar. 125 millət vəkilindən 14-ü, dövlət qulluğunda çalışanların üçdə biri, təhsil sistemində çalışanların 68,8%-i, səhiyyə sistemində çalışanların 59%-i qadınlardır. Bu fikirlər Azərbaycan Sosial Rifah Partiyasının təşkilatçılığı ilə çərşənbə günü Bakıda "Qadınlar və dövlət quruculuğu" mövzusunda keçirilən beynəlxalq konfransda səslənib.

Həmçinin məhkəmə sistemində hakimlər arasında, ədliyyə, daxili işlər sistemində, yüksək rütbəli hərbçilər arasında da qadınlar var. Azərbaycan Parlamentinin vitse-spikeri Bahar Muradova bildirib ki, hər bir cəmiyyətdə qadınlar nə qədər çox ictimai, siyasi fəallıq göstərərlərsə, həmin cəmiyyət bir o qədər çox demokratik və azad olar. Muradova qeyd edib ki, dünyada qadınların üzləşdiyi ən ağır problemlər kasıblıq, işsizlik, təhsilsizlik, ailədə sağlamlığın pozulması, müharibə və terrorların törətdiyi fəsadlardır. Konfransda dünya qadınlarına və ictimaiyyətinə bəyanat və müraciətin qəbul olunması nəzərdə tutulur.

Beynəlxalq konfransda 20-dən artıq ölkənin qadın rəsmiləri, ictimai, siyasi dövlət xadimləri iştirak edirlər. Konfransda bildirilib ki, Finlandiya, Argentina, Almaniya, Liberiya, Litva kimi ölkələrdə ən ali vəzifəni - prezident postunu qadınlar tuturlar, dünyanın inkişaf etmiş ölkələrində yüksək dövlət kürsülərində qadınlar idarəçilikdə iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti