Azərbaycan, Bakı, 14 mart / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan prezidenti yanında Əfv Komissiyası 100-ə yaxın məhbusun adı olan siyahını əfv olunmaq üçün dövlət başçısına təqdim edib. "Əfv Komissiyası 300-ə yaxın məhbusun əfv olunması ilə bağlı yazdığı ərizəyə baxıb və onlardan 100-ə yaxınını əfv olunması üçün prezidentə təqdim edib" - deyə cümə günü Trend ə prezident yanında Əfv Komissiyasının üzvü, millət vəkili Elmira Axundova bildirib
Axundovanın sözlərinə görə, prezidentə təqdim olunan siyahıda həbsdə olan jurnalistlərlə yanaşı sadə vətəndaşların da adları var.
Hazırda Azərbaycanda üç jurnalist həbsdədir. Axundova jurnalistlərin adlarını açıqlamayıb.
Axundova qeyd edib ki, Əfv Komissiyasının mindən artıq məhbusla bağlı ərizəyə baxması haqqında mətbuatda gedən məlumatlar həqiqətəuyğun deyil.
Azərbaycan prezidenti tərəfindən sonuncu Əfv fərmanı dekabrın 31-i Yeni il bayramı ərəfəsində imzalanıb. Bu Əfv fərmanı 117 məhbusa şamil olunub. İki nəfərin cəza müddəti azaldılıb, 115 nəfər isə azadlığa çıxıb.
1995-ci ildən bəri Azərbaycanda ümumilikdə 44 Əfv fərmanı imzalanıb. Bu fərmanlar 4500-dən artıq məhbusa şamil olunub.