...

Uşaqlardan Novruz bayramına ən böyük hədiyyə

Cəmiyyət Materials 18 Mart 2008 17:22 (UTC +04:00)

Azərbaycan, Bakı,18 mart /müx. TrendLife Şahin Cavadsoy/

Dünən Rəşid Behbudov adına Mahnı Teatrında Səbail rayonundakı 12 saylı musiqi məktəbinin şagirdləri Novruz bayramına həsr olunmuş konsert proqramı ilə çıxış etdilər. Musiqi məktəbinin rəhbəri Azərbaycanın xalq artisti, mərhum sənətkar Şövkət Ələkbərovanın gəlini Gülnarə Səfərovadır. Bayram konserti ilə bağlı ünvanladığımız sualları isə məktəbin fortopiano müəlliməsi Gülşən Heydərova cavablandırdı: "Məktəbimizdə 400-ə yaxın şagirdə, musiqinin bütün sahələri üzrə məşğələlər keçirilir. Bu tip konsertlərin keçirilməsi, məktəbimizdə artıq ənənə halını alıb. Neçə ildir ki, müxtəlif bayramlarda belə hesabat konsertləri ilə tamaşaçılar önündə çıxış edirik".

Novruzun əsas personajları - "Kosa", "Keçəl" və "Bahar qızı"nın aparıcılığı ilə keçən tədbirdə, müğənnilərdən - Rövşən Əziz, "Xalq ulduzu" layihəsindən tanınan Eldəniz Məmmədov, Namiq Qasımov və başqaları da çıxış etdilər. Onların iştirakını isə, peşəkar müəllim və sənətkar Aybəniz Haşımova təşkil etmişdi: "Bilirsiz ki, mən Şövkət xanımın ən istəkli tələbələrindən biri olmuşam. Ana qədər sevdiyim ustadımın ailə üzvləri ilə bu gün də çox gözəl münasibətlərimiz var. Ona görə də Gülnarə xanıma dəstək olsun deyə, müğənni həmkarlarımı bu konsertə qonaq qismində dəvət etdim".

Maraqlı səhnəciklər, gözəl musiqilərlə bol olan tədbirdə, musiqiçilər alqış eşidib, Novruz bayramına həsr olunmuş çıxışlarını xoş akkordlarla yekunlaşdırdılar.

Xəbər lenti

Xəbər lenti