Fransa, Strasburq, 28 mart / Trend , müxbir A. Məhərrəmli/ Avropa Şurası Nazirlər Komitəsinin "Aqo" Monitorinq qrupunun 2-5 aprel tarixlərində Azərbaycana səfərinin proqramı açıqlanıb. Bu barədə Trend a cümə qünü Avropa Şurası Nazirlər Komitəsi Katibinin müavini Kristof Puarel (Christophe Poirel) məlumat verib.
Əvvəlki illərə nisbətən geniş tərkibdə olacaq hazırkı nümayəndə heyətinə "Aqo" qrupunun sədri qismində İsveçin AŞ yanında Daimi Nümayəndəsi Per Syöqren, habelə Fransa, Almaniya, Latviya, Rumıniya, İsveçrə, Gürcüstan, Avstriya və Rusiya səfirləri daxildir, - deyə o qeyd edib.
Azərbaycanın "Aqo" qrupunun mandatı altında olduğu üçün bu cür səfərlərin mütəmadi xarakter daşıdığını bildirən Kristof Puarel səfər zamanı Azərbaycanda KİV-in vəziyyətinə xüsusi diqqət yetiriləcəyini vurğulayıb. "Səfər çərçivəsində Azərbaycanın AŞ-na daxil olarkən ölkənin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi məsələləri, KİV-in vəziyyəti, Azərbaycanda keçiriləcək prezident seçkiləri, məhkəmə və penitensiar sistemin fəaliyyəti, Azərbaycan hökuməti və Parlamenti ilə Venesiya Komissiyası arasında Seçki Məcəlləsinin təkmilləşdirilməsinə dair əməkdaşlıq, habelə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, "siyasi məhbus" hesab olunan şəxslərlə bağlı məsələlər diqqət mərkəzində olacaq - deyə Puarel əlavə edib.
Keçən il "Aqo" qrupu Azərbaycanda məhkəmə sisteminə xüsusi diqqət yeirib. "Aqo" qrupunun Azərbaycana səfərinin nəticələrinə dair hazırladığı hesabat aprel ayının sonunda AŞ Nazirlər Komitəsinə təqdim ediləcək"- deyə cənab Puarel əlavə edib.
Səfər çərçivəsində "Aqo" qrupunun Azərbaycan rəsmiləri, vətəndaş cəmiyyəti, bütün siyasi partiya və mətbuat nümayəndələri ilə görüşləri nəzərdə tutulub. Aprelin üçündə nümayəndə heyəti AŞ Baş Katibinin Bakıdakı xüsusi nümayəndəsinin iştirakı ilə QHT və siyasi partiyaların nümayəndələri, media mənsubları, AŞ-na üzv ölkələrin Bakıda akkreditasiya olunmuş səfirləri, eləcə də "siyasi məhbus" hesab edilən şəxlərlərlə bağlı hökumət, Parlament və QHT nümayəndələrindən ibarət İşçi qrupu ilə görüşlər keçirəcək. Həmin gün Azərbaycan Xarici İşlər Nazirliyi ilə birgə təşkil olunan Azərbaycanda KİV-in vəziyyətinə dair "Dəyirmi masa" keçiriləcək. Dəyirmi masada Prezident Aparatının İctimai-Siyasi şöbəsinin müdiri Əli Həsənov, Milli Televiziya və Radio Yayım Şurasının sədri Nuşirəvan Məhərrəmli, İctima Televiziyanın Baş Direktoru İsmayıl Ömərov, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Bakı Apellasiya Məhkəməsinin sədri Iman Nağıyev, Daxili İşlər Nazirinin müavini Oruc Zalov və Ali Məhkmənin hakimi Vafəddin İbayev iştirak edəcək.
Aprelin dördundə nümayəndə heyətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Ədliyyə naziri Fikrət Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri, eləcə də Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.
Kristof Puarel əlavə edib ki, Azərbaycandan öncə "Aqo" qrupu Ermənistan və Cürcüstana səfər edəcək. Belə ki, nümayəndə heyəti martın 29-dan aprelin 1-nə kimi Ermənistanda, 1-2 aprel 2008-ci il tarixlərində isə Gürcüstanda səfərdə olacaq.
Aqo qrupu 2001-ci ilin yanvar ayında Azərbaycan və Ermənistan AŞ-na üzv qəbul olunduğu vaxt yaradılıb. Bu qrup AŞ qarşısında götürülən öhdəliklərin yerinə yetirilməsinin monitorinqi ilə məşğul olur və Təşkilatın Nazirlər Komitəsi çərçivəsində fəaliyyət göstərir.