...

Azərbaycan yığmasının baş məşqçisinin vəzifəsində qalmasına Almaniyada aydınlıq gətiriləcək

Cəmiyyət Materials 24 Aprel 2008 12:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel / Trend , müxbir R.Ergün/ Azərbaycanın qadınlardan ibarət otüstü hokkey yığmasının pakistanlı baş məşqçisi Tahir Zamanı digər əcnəbi məşqçi əvəzləyə bilər. "Bakıda keçirilən otüstü hokkey üzrə turnirdə İspaniyaya uduzandan sonra Zaman istefa verdiyini desə də, sonradan fikrini dəyişdi. Otüstü Hokkey Federasiyasının rəhbərliyi hələki onunla işbirliyini davam etdirir. Amma gələcəkdə Zamanı əcnəbi məşqçi əvəzləyə bilər" cümə axşamı Trend a Azərbaycanın Otüstü Hokkey Federasiyasının (AHF) mətbuat xidmətinin rəhbəri Yaqub Nuriyev deyib.

Zaman otüstü hokkey yığmasına 2006-cı ilin noyabrından rəhbərlik edir. O, Bakıda keçirilən Olimpiadaya lisenziya xarakterli turnirin finalında İspaniya yığmasına 2:3 hesablı məğlubiyyətdən sonra istefa verdiyini bildirsə də, sonradan fikrini dəyişərək vəzifəsində qaldı.

Nuriyevin dediyinə görə, Almaniyanın Köln şəhərində mayın 8-də başlayacaq Avropa Çempionlar Kubokunun oyunları pakistanlı məşqçinin taleyinə aydınlıq gətirə bilər. "Hələlik bu yarışda komandaya rəhbərlik etmək üçün başqa məşqçi yoxdur. Yığmanı Almaniyaya Zaman aparacaq və oradakı oyunlar baş məşqçinin postunda qalıb-qalmamasına aydınlıq gətirəcək" AHF-nın mətbuat xidmətinin rəhbəri əlavə edib.

Pakistanlı məşqçinin AHF-la müqaviləsi bu ilin sonunadək nəzərdə tutulub.

İspaniya komandası ilə oyunu idarə edən hakimlərin Azərbaycan yığmasına qarşı qərəzli mövqe tutduğunu bildirən Məmmədov AHF-ın vitse-prezidenti Namiq Əliyevin bu məsələyə görə Avropa Otüstü Hokkey Federasiyasının prezidenti Els Van Breyda Vraysmanla görüşəcəyini deyib. "Əliyev İspaniya ilə oyunda hakimlərin yığmamıza qarşı qərəzli mövqe tutduğunu bildirmək üçün bu gün Vraysmanla görüşməlidir. Bu görüşdən sonra İspaniyayla oyunun nəticəsinin ləğv olunacağına ümid edirik" - deyə Nuriyev bildirib.

İspaniyaya məğlubiyyət üzündən Azərbaycan yığması yayda keçiriləcək Pekin Olimpiadasına lisenziya qazanmaq şansını itirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti