...

Müğənni Xuraman Şuşalı "Mirzə-hüseyn" segahı oxuyacaq

Cəmiyyət Materials 6 May 2008 11:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 may /müx. TrendLife Günel Əhmədova

Xuraman Şuşalı avqustun 8-də planlaşdırılan toy mərasimindən bir müddət sonra solo konsertini təqdim edəcək. Əvvəlcə iyul ayına planlaşdırılan konsert hazırlıqları yarımçıq qaldığından müğənni vaxt qazanaraq layihəni payız ayının sərinində keçirməyə qərar verib. Onun TrendLife-a bildirdiyinə görə, proqram üç hissəni təşkil edəcək. İlkin mərhələdə tamaşaçılar onun milli mahnılarını dinləyəcəklər. Bir qədər sonra o, proqramı ağırlaşdıraraq trio ilə birlikdə muğam ifa edəcək.

Vaxtilə Bakı Musiqi Akademiyasında xanəndə İslam Rzayevin tələbəsi olan Xuraman Şuşalı sonralar yaradıcılıq qolunu estradaya meyilləndirib. Lakin o, muğam oxumaqdan əsla imtina etməyib. Müəyyən fasilədən sonra Xuraman Şuşalı muğamı dəsgah şəklində oxuyub səs imkanlarının gücünü göstərmək arzusundadır:

"Qadın müğənnilərin əksəriyyəti, xüsusi ilə də estrada ifaçıları muğamlar arasında daha çox "Qatar"ı ifa edirlər. Məlumdur ki, bu muğam zil də olsa qadın səsinə yaxındır və həcmi kiçikdir. Lakin mən onları təkrarlamaq niyyətində deyiləm. Bu qənaətə gəlmişəm ki, konsertin ikinci mərhələsində "Mirzə-hüseyn" segahını təqdim edib. Həmin muğamın tərkibində bəm və zil segahlar yer alıb. Onu da qeyd edim ki, müəllimim dünyasını dəyişdiyin üçün muğamın məşqlərində xalq artisti Arif Babayevdən məsləhətlər alacam".

Müğənninin musiqili proqramının sonuncu mərhələsini isə müasir bəstəkar mahnıları təşkil edəcək. Hazırda repertuara yeni mahnılar daxil edən müğənni tamaşaçının zövqünü tamamlaya biləcək proqram üzərində çalışdığını söylədi.

Xəbər lenti

Xəbər lenti