Azərbaycan, Bakı, 12 may / Trend , müxbir R.Ergün/ Azərbaycanlı futbolçu İlqar Qurbanovun formasını geydiyi Türkiyənin "Sivasspor" klubu Superliqada 3-cü yeri tutduğunu iddia edir. Bu barədə bazar ertəsi Türkiyə mətbuatına "Sivasspor" klubunun mətbuat xidmətinin rəhbəri Fikrət Ünsal deyib.
Türkiyədə çempionat başa çatıb. Superliqanın qalibi 79 xal toplayan "Qalatasaray" klubu olub. "Sivasspor" "Fənərbaxça" və "Beşiktaş"la birgə 73 xala malikdir. Sivas komandası əsas rəqibləri ilə eyni xala sahib olsa da, 4-cü pillədə qərarlaşıb.
Ünsal deyib ki, "Sivasspor" "Beşiktaş"la eyni xala malik olsa da, UEFA kubokuna onların yox, "Beşiktaş"ın getməsi düzgün deyil.
Qurbanovun çıxış etdiyi komandanın UEFA kubokunda iştirak edə bilməməsi ilə bağlı qərarı Türkiyə Futbol Federasiyası (TFF) verib. Buna səbəb "Sivasspor"un mövsüm ərzində vurduğu qolların sayının əsas rəqiblərindən az olmasıdır.
Azərbaycanlı futbolçu "Sivasspor"a ötən ilin yayında transfer olunub. O, Superliqada "Beşiktaş"la keçirilən oyunda komandasının qələbə qolunu vurub.
Qurbanov Azərbaycan yığma komandasının da üzvüdür.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]