Azərbaycan, Bakı, 20 may / Trend , müxbir C.Babayeva/ Azərbaycanda buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsinə mane olmaq istəyənlər var və həmin şəxslər şagirdlərin valideynlərini aldatmaqla məşğuldurlar. Bu barədə çərşənbə axşamı Bakıda jurnalistlərə təhsil naziri Misir Mərdanov bildirib.
Onun sözlərinə görə, son sınaq imtahanından sonra test suallarının satılması barədə Təhsil Nazirliyinə valideynlərin müraciətləri daxil olub.
"Test suallarını alan valideynlər sonradan peşman olublar. Valideynlərə müraciət edib bildirmək istəyirəm ki, bu cür şəxslərə inanmasınlar", deyə nazir bildirib.
Mərdanovun sözlərinə görə, Nazirlik buraxılış imtahanlarına heç bir kənar şəxsin müdaxilə edə bilməməsinə çalışır.
"Orta səviyyəli biliyə malik olan şagirdlər imtahandan müsbət qiymət alıb attestat ala biləcək", deyə nazir qeyd edib.
Şagirdlərin valideynləri anlamalıdırlar ki, onların övladları təhsil sənədi almaq üçün deyil, bilik əldə etmək üçün təhsil almalıdırlar.
"Təəssüf ki, cəmiyyətdə bunun əksini fikirləşənlərin sayı az deyil. Bir çoxları başqa yollarla övladlarına təhsil haqqında sənəd almağa çalışır", deyə nazir bildirib.
Bu il Azərbaycanın Bakı, Sumqayıt, Gəncə, Şirvan, Mingəçevir şəhərləri, Ucar, İmişli və İsmayıllı rayonlarının bütün orta məktəblərində mərkəzləşdirilmiş qaydada test üsulu ilə buraxılış imtahanları keçiriləcək. Bu günə qədər üç sınaq imtahanı keçirilib. Sonuncu imtahan iyunun 6-da baş tutacaq.