...

"Azəri Star -2008"də ilk qruplaşma yarandı

Cəmiyyət Materials 20 May 2008 15:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 may /müx.TrendLife Şahin Cavadsoy/

Televiziya müsabiqələri arasında öz baxımlılığı ilə seçilən "Azəri Star2008" gənc ifaçıların mahnı yarışması beşinci həftəsinə qədəm qoydu. Müsabiqənin ilk həftələrində iştirakçılar bir ağızdan söyləyirdilər ki, aralarında sona qədər dostluq münasibətləri hökm sürəcək. Amma beş həftə ötəndən sonra verdikləri vədlərin elə boş söz olaraq qaldığını məlum etdik. Ona görə də qərara aldıq ki, ulduz olmaq adına iddialı olan gənclərin bir neçəsinin arasında sorğu keçirək. Sualımız isə bu cür oldu: "Müsabiqədaxili qruplaşmalar varmı və ulduz xəstəliyindən özünüzü necə qoruyursunuz".

Tərlan Musayev - Əgər hansısa iştirakçı deyirsə ki, qruplaşma yoxdur, bu yalandır. Çünki, bir neçə həftə ərzində iştirakçılar arasında istər-istəməz dostluq münasibətləri yaranıb. Bu isə bəzi iştirakçıların qruplaşmasından xəbər verir. Bəli, mən oğlanlardan ibarət qrupa daxil olmuşam. O ki, qaldı ulduz xəstəliyindən özümü necə qorumağıma, bunun da çox sadə sirri var. Hər gün öz-özlüyümdə təkrarlayıram ki, mən yenicə fəaliyyətə başlayan ifaçıyam və qarşımda enişli-yoxuşlu sənət yolu var.

İlkin Əhmədov - Ulduz xəstəliyi bir bəladır ki, giriftar olmayan bilməz. Amma çox şükür, hələ bu bəlaya düçar olmamışam. Heç qruplaşmalarda da yoxam. Yəni hələ görəcəyim çox işlər var.

Yaqut Nərimanova - Qruplaşma sözündən heç xoşum gəlmir. Biz hamımız "Azəri Star -2008" adı uğrunda mübarizə aparırıq. Bunun üçün də hər birimiz sözün yaxşı mənasında təkbaşına "vuruşuruq". Ulduz xəstəliyi isə cəlbedici bəladır. Adam bilmir nə vaxt bu dərdə düçar olur. Lakin ağlı başında olan sənətçi həmişə çalışır ki, başını öz işləri ilə məşğul etsin.

Kənan Əzimov - Ad çəkmək istəmirəm, ancaq artıq qruplaşmalar var. Özü də iştirakçılar üç-dörd nəfərə bölüşüb bu birliyi yaradırlar. Bəli mən də qruplaşmaya daxil olmuşam. Əminəm ki, sonda qrupumuz qalib gələcək. Ulduz xəstəliyinin simptomlarını hiss etməsəm də buna yoluxmamaqdan ötrü bütün vasitələrdən istifadə edirəm.

Elçin Məmmədov - Təvazökarlıqdan uzaq səslənsə də mənim səs imkanlarım bütün qruplaşmaları kölgədə qoyub. Ulduz xəstəliyi gəlincə, deyə bilərəm ki, bu çox şirin bir xəstəlikdir. Hərdənbir adam bu xəstəliyə aludə olmaq istəyir.

Fəxri Kazım-Nicat - Yaqutun sözlərinə şərik çıxıb, mən də qruplaşmanın əleyhinəyəm. Hesab edirəm ki, "Azəri Star -2008" mahnı müsabiqəsidir və burada yalnız oxumaq lazımdır. Arzu edirəm ki, mən də içində olmaq şərti ilə heç birimiz ulduz xəstəliyinə tutulmayaq. Çünki, bu xəstəliyin sonu çox pis nəticələnir.

Şahnaz Əliyeva - "Azəri Star"ın 2008-ci ilə təsadüf edən buraxılışında heç bir qruplaşma yoxdur. Əgər qruplaşma olsaydı, üç həftə ardıcılıqla müsabiqəni xanım iştirakçılar tərk etməzdi. Qoy hamı bilsin ki, Şahnaz Əliyeva ulduz xəstələyindən əziyyət çəkmir. Və heç bu xəstəliyə tutulmaq niyyəti də yoxdur.

Arif Əmrahzadə - Qruplaşma var. Özüm də bu qrupun rəhbəriyəm. Mirsaleh, Kənan və Tərlanın üzv olduğu qrupumuzun qalib olacağına inanıram. Fərqi yoxdur hansı birimiz qalib olsaq, bu məni çox sevindirəcək. Ulduz xəstəliyinə də tutulmuşam. Arzu edirəm ki, bütün gənclər bu xəstəliyə tutulsun. Açığı özümü ulduz hiss etməyə başlayandan, göydən-yerə enmək istəmirəm...

Xəbər lenti

Xəbər lenti