İsrail, Qüds, 28 may / Trend , müxbir R.Abdullayev/ Çərşənbə günü Rişon Le Tsion şəhərində (İsrailin mərkəzi) yerləşən Diaspora Evində Azərbacanın milli bayramı - Respublika Gününə həsr olunmuş tədbir keçirilib.
İsrail Azərbaycanlıları Konqresinin rəhbəri Şapiro-Suliman tədbir iştirakçılarına Azərbaycan prezidenti İlham Əliyevin Respublika Günü ilə əlaqədar ictimaiyyətə ünvanlanmış müraciətini oxuyub. Şapiro-Sulimanın sözlərinə görə, Azərbaycan Demokratik Respublikası Azərbaycanın tarixində ilk parlament respublikası olaraq eyni zamanda bütün Şərq, o cümlədən türk-islam dünyası üçün demokratik, hüquqi və dünyəvi dövlətin nümunəsidir.
Tədbirdə Türkiyənin İsraildəki səfiri Namik Tan da iştirak edib. "Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay mövcud olmasına baxmayaraq, qardaş xalqın tarixinin ən parlaq sahifəsi kimi Azərbaycanın gələcək nəsillərinin xatirində qalıb", - səfir bildirib.