...

Tükəzban İsmayılovanın 1 ədəd də olsun diski çıxmayıb – xalq artisti İlhamə Quliyeva

Cəmiyyət Materials 4 İyun 2008 14:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 /TrendLife müx. Günel Əhmədova/

"Dekabrın 21-i anam Tükəzban İsmayılovanın ad günüdür. Bu il ilk dəfə həmin tarixi onsuz qeyd edəcəyəm. Doğum gününə kimi anamın adı ilə bağlı bir sıra layihələr həyata keçirməyi düşünürəm",- bu sözləri TrendLife-a xalq artisti İlhamə Quliyeva bildirib.

İlhamə xanımın xatırlatmasına görə, 84 yaşında dünyasını dəyişmiş Tükəzban xanımın bu il yubiley ilidir. Sağlığında həmin tarixin dövlət səviyyəsində keçiriləcəyini arzu edən Tükəzban xanıma bu, qismət olmadı. İlhamə xanım isə onun arzularını qismən həyata keçirəcəyini bildirdi:

"Yubileyin dövlət səviyyəsində keçiriləcəyinə indidən söz verə bilmərəm. Amma mən bacardığım qədər anamın böyük kütlə tərəfindən yad olunmasına səy göstərəcəm".

Söhbəti zamanı bəlli oldu ki, ömrünün 60 ildən çoxunu sənətə həsr edən Tükəzban xanımın bu günə qədər albomu işıq üzü görməyib. İlhamə xanım yubiley proqramını anasının diskini hazırlamaqla başlayacağını dedi: "Yəqin ki, bir yox, bir neçə albom işıq üzü görər. Ona görə ki, Tükəzban xanımın reperturaı olduqca genişdir və bunları bir alboma sığışdırmaq olmaz".

Öyrəndik ki, İhamə xanım həmçinin anasının lent yazılarını da təzələməyi düşünür. Onun yoxluğunu unutmağa çalışan qızı İlhamə xanım yubiley proqramını təfərrüatı ilə açıqlamaq istəmədi:

"Qismət olsun, bir sıra işlər görməyi düşünürəm. Çünki mən övladlıq borcumu qismən də olsa, bunlarla yerinə yetirə bilərəm. Tükəzban xanım mənimlə nəfəs alırdı. Bizim münasibətlərimiz ana-bala münasibətlərindən də yaxın idi. Ölümünə bir neçə gün qalmış, mənə səbirli olmağımı, fikir eləməməyimi məsləhət gördü. Bilirdi ki, onun ölümü mənə dağ olacaq. Hər gün anam üçün gün göz yaşı axıdıram. Ölümündən sonra cəmi iki dəfə yuxuma gəlib. Həmin gün xoş xəbərlər eşitmişəm. Deyirlər, dünyasını dəyişən adam əzizlərinin yuxusuna çox gec-gec gəlir".

Xəbər lenti

Xəbər lenti