Azərbaycan, Bakı, 06 iyun / Trend , müxbir C.Babayeva/ Bu il Azərbaycanda magistraturaya yeni istiqamətlər üzrə qəbul aparılacaq. Bu barədə cümə günü jurnalistlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə məlumat verib.
Trend -un arayışı: Bu il Azərbaycanın 34 ali məktəbinin magistr pilləsinə qəbul aparılır, onlardan 25-i dövlət, 9-u özəl ali məktəblərdir. Ümumi qəbul planı 4809 yerdən ibarətdir. Yerlərin 4337-si dövlət (2007-ci ildə 4113), 472-si (2007-ci ildə 407) özəl ali məktəblərə aiddir. Plan yerlərinin 1980-i ödənişsiz ixtisaslar üzrədir, 2668 yer isə ödənişli əsaslarladır.
Onun sözlərinə görə, yeni istiqamətlər Neft Akademiyasının ali məktəblərdə mühəndis hazırlığı TEMPUS proqramı üzrə, Texniki Universitetdə Beynəlxalq Təhsil Proqramı çərçivəsində İsveçin Höteborq İT Universitetinin magistr proqramı əsasında və Sumqayıt Dövlət Universitetində "İnformatika və hesablama texnikası" fakültəsidir.
Abbaszadənin bildirdiyinə görə, magistr pilləsinə qəbul imtahanı iyunun 22-də keçiriləcək.
Magistr pilləsinə elektron ərizə qəbulu iyunun 5-dən 14-dək aparılır.
TQDK sədrinin bildirdiyinə görə, bir gün ərzində 215 elektron ərizə təqdim olunub və ərizələrin 61-i təsdiqlənib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]