...

Azərbaycanda Almaniyanın ali məktəblərinə qəbulla bağlı müsabiqə elan edilib

Cəmiyyət Materials 11 İyun 2008 16:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyun/ Trend , müxbir C.Babayeva/ Təhsil Nazirliyi Azərbaycan prezidentinin 16 aprel 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində, Almaniyanın ali məktəblərində təhsil almaq məqsədilə müsabiqə elan edib. Bu barədə Təhsil Nazirliyinin məlumatında bildirilib.

Məlumata əsasən, bakalavr pilləsində təhsil almaq üçün müsabiqədə 2007/2008-ci tədris ilində Azərbaycanın ali məktəblərinin bakalavr pilləsinin II və III kurslarında təhsil alan və bakalavr pilləsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində, texniki sahələr üzrə ən azı 550 bal, digər sahələr üzrə ən azı 600 bal toplayan Azərbaycan vətəndaşları iştirak edə bilər.

Magistratura pilləsində təhsil almaq üçün müsabiqədə 2007/2008-ci tədris ilində Azərbaycanın ali məktəblərinin bakalavr pilləsinin IV kursu və yaxud magistratura pilləsinin I kursunda təhsil alan və magistratura pilləsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində, texniki sahələr üzrə ən azı 70 bal, digər sahələr üzrə ən azı 80 bal toplayan Azərbaycan vətəndaşları iştirak edə bilər.

Müsabiqədə iştirak etmək üçün iddiaçılar ərizə, xüsusi anket forması (Təhsil Nazirliyində əldə olunur), tövsiyə məktubu (məktubun xüsusi forması Təhsil Nazirliyində əldə edilir və iddiaçının təhsil aldığı ali məktəbin professor-müəllim heyəti tərəfindən doldurulur), ali məktəbə qəbulda TQDK tərəfindən topladığı bal haqqında arayış, ali məktəb tərəfindən verilən qiymət kitabçasından çıxarışın alman və yaxud ingilis dilinə tərcümə olunmuş və notariat qaydada təsdiq edilmiş surəti, alman və yaxud ingilis dilini müvafiq ali məktəbin tələbləri səviyyəsində bilməsi haqqında zəruri sertifikatın surəti, tərcümeyi-hal, 6 ədəd rəngli fotoşəkil (3,5x4,5 sm) təqdim etməlidirlər. Sənədlər iyun ayının 17-dək Nazirlikdə qəbul edilir.

Trend -un arayışı: Azərbaycan gənclərinin xaricdə təhsil almaları üzrə sənaye, informasiya və kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, nəqliyyat, tikinti, təhsil, tibb, mədəniyyət, hüquq, xidmət, dövlət idarəetməsi prioritet sahələrdir.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti