...

Azərbaycanlılar nigah müqaviləsi bağlamaqda maraqlı deyillər

Cəmiyyət Materials 20 İyun 2008 15:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyun / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanın ailə qanunvericiliyində nigaha daxil olan şəxslər arasında nigah muqaviləsinin baglanması nəzərdə tutulub. Lakin təcrübədə nigaha girən şəxslər bu müqaviləni bağlamağa maraq göstərmirlər. Müqavilənin bağlanmaması isə, tərəflər arasında əmlak mübahisəsi yarandıqda, ciddi problemlər doğurur.

Statistik məlumatlara görə, məhkəmələrdə baxılan mülki mübahisələrin əksər qismi ailə münaqişəsi nəticəsində yaranır və əmlak xarakterlidir.

Ekspertlər hesab edir ki, Ailə Məcəlləsində nigah müqaviləsi ilə bağlı nəzərdə tutulmuş müddəalar işlək olarsa, gələcəkdə həmin mübahisələrin böyük qismindən azad olmaq mümkündür.

Nigah müqaviləsi nigaha daxil olan şəxslər arasında bağlanan, nigah dövründə və ya nigah pozulduqda, ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Nigah müqaviləsi yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur.

Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsindən verilən məlumata görə, 2007-ci ildə 81 min 756 nigah qeydə alınsa da, onlardan yalnız 16- da nigah müqaviləsi bağlanılıb.

2006-cı ildə 79 min nigah və 33 müqavilə, 2005-ci ildə 71 min 619 nigah və 19 müqavilə bağlanıb.

İdarədən nigah müqaviləsinin bağlanmasına marağın azlığının əsas səbəbi kimi, bu normanın qanunvericilikdə yeni olması və bu yenilikdən nigaha girənlərin məlumatsızlığı göstərilir.

Ali Məhkəmənin hakimi Əsəd Mirzəliyev bildirir ki, nigaha girən tərəflər çox vaxt nigah müqaviləsinin mahiyyətinə varmır, ya da müqavilə barədə məlumatsız olurlar.

Nigah müqaviləsinin tərəflər arasında əmlak mübahisələrinin həllində nizamlayıcı rolunu vurğulayan hakim bildirib ki, nigah müqaviləsi nigaha qədər və nigahdan sonra da bağlana bilər. Müqavilə nigaha qədər bağlansa da, nigah qeydə alındığı gündən qüvvəyə minir. Müqavilədə əmlakın hüquqi rejimi müəyyən olunur.

"Qanunda qeyd olunur ki, müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, ər-arvadın nigah dövründə əldə etdikləri mülkiyyət onların birgə mülkiyyətidir və bərabər payda bölünür. Kimin himayəsində yetkinlik yaşına çatmayan uşaqlar varsa, onların mənafeyi nəzərə alınaraq, pay artırıla bilər. Amma nigah müqaviləsində qabaqcadan bundan fərqli məsələlər müəyyən oluna bilər. Məsələn, nigah müddətində əldə olunan mülkiyyətin üçdə birinin ərin, qalan hissəsinin isə, arvadın, ya da əksinə, mülkiyyətində olması göstərilə bilər",- deyə Mirzəliyev vurğulayıb.

Nigah müqaviləsində tərəflərin bir-birini qarşılıqlı saxlaması, bir-birinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirak qaydası ilə bağlı hüquq və vəzifələri, nigah pozulduqda hər birinə düşəcək əmlakı müəyyənləşdirmək hüququ dəqiqləşdirilir. ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlakla bağlı da nigah müqaviləsi imzalana bilər.

Mirzəliyevin sözlərinə görə, bəzən düşünülür ki, müqavilənin imzalanması nigahın daimi olmayacağına şübhə yaradır və mentalitetdən irəli gələn bəzi səbəblərdən, bu müqavilə bağlanmır. "Lakin təcrübə göstərir ki, qarşılıqlı razılıq, sevgi ilə qurulan ailələrdə də boşanma halları olur",- deyə hakim vurgulayıb.

Nigaha məhkəmə qaydasında xitam verildiyi halda, müqavilənin olmaması çoxlu problemlər yaradır; alimentin müəyyən olunmasında, yaşayış sahəsi ilə təmin olunma ilə bağlı və s.. Hakim bildirib ki, nigah müqaviləsi olmayanda, aliment tələb edən qadınlar kişinin əmlak vəziyyətini müəyyən edə bilmirlər. "Kişi məhkəməyə heç bir yerdə işləməməsi barədə, yaxud da 50 manat əmək haqqı alması barədə sənəd təqdim edir. Onda məhkəmə sabit pul məbləği müəyyənləşdirmək məcburiyyətində qalır. Qadın müraciət edir ki, əri işləməsə də, mağazası, obyektləri var və bunlardan ayda 2-3 min manat məbləğində qazanc götürür. Amma həmin obyektlərin heç biri cavabdehin adına deyil. Qadın həmin əmlakın cavabdehin adına olduğunu sübut edə bilmir. İndi obyektlərin çoxu həmin obyekti işlədənlərin, mülkiyyətçilərin adına deyil. Mülkiyyət sahibləri müxtəlif ödəmələrdən yayınmaq üçün əmlakları öz adlarına qeydiyyata almırlar. Məhkəmə isə, tərəfin təqdim etdiyi sübutlar əsasında qərar qəbul edir. Tərəflərin əmlak vəziyyətlərini bilib, nigah müqaviləsi bağlananda, bu problem yaranmır. Müqavilədə ərin, nigaha xitam veriləndən sonra, hər uşağa görə ayda 300- 400 manat aliment verəcəyi barədə razılıq əldə oluna bilər",-deyə hakim bildirib.

Nigah müqaviləsinin şərtlərində hüquqları məhdudlaşdıran hallar göstərilə bilməz. Belə müddəalar olsa belə, həmin müqavilənin hüquqi qüvvəsi yoxdur və nigah müqaviləsinin həmin hissəsi məhkəmə qaydasında etibarsız hesab oluna bilər.

Mirzəliyev bildirib ki, məhkəmələrin icraatında olan mülki iddiaların böyük qismi mənzildən istifadə hüququnun xitamı və ya bu hüququn verilməsi (MülkiMəcəllənin 228-ci maddəsi) ilə bağlıdır.

MM-in 228- ci maddəsində qeyd olunur ki,nigaha girən şəxslər, mülkiyyətçi ilə, notarial qaydada təsdiq olunmuş müqavilə bağlamalıdır.

Hakim deyir ki, təcrübədə mülkiyyətçi ilə ailə üzvləri və ya mənzilin digər istifadəçiləri arasında nəinki notariat qaydasında təsdiqlənmiş, heç sadə yazılı formada razılaşma qaydasına da əməl olunmur. Adətən, bu cür münasibətlərin ilkin yaranma vaxtında yaşayış sahəsinin istifadəçiləri (ailə üzvləri və digər şəxslər) mülkiyyətçinin razılığı ilə mənzilə köçürülür və mənzildən istifadə edirlər. Mənzil istifadəçisi ilə digər ailə üzvü və ya mülkiyyətçi arasında ailə münasibətlərinə xitam verildikdə, ailədaxili münaqişələryarandıqda, mübahisə yaranır.

"Bu zaman yaşayış sahəsinin mülkiyyətçisi ilə notariat qaydasında təsdiq edilmiş yazılı razılığın olmadığı meydana çıxır. Nigaha girən qadın el qınağından çəkinərək, qayınata ilə müqavilə bağlamır. Nigah pozulanda həmin mənzildə yaşamaq, istifadə hüququ tələb edirlər. Amma bu müqavilə olmadığından, onun həmin mənzilə hüquqları yaranmır",-deyə hakim bildirib.

Mirzəliyev təklif edir ki, nigaha girərkən tərəflərə mülkiyyətçi ilə müqavilə bağlanılması təklif edilsin, onun üstünlükləri izah olunsun.

Hakimin fikrincə, həm nigah müqaviləsinin, həm də mülkiyyətçi ilə müqavilənin bağlanması tərəflərin ixtiyarına buraxılmamalıdır. "Ola bilər ki, tərəf özü təşəbbüs etməyə utansın. Bu təbliğ olunmasa, tərəflərə izah olunmasa, heç kim öz təşəbbüsü ilə nigah müqaviləsi bağlamayacaq. Hesab edirəm ki, nigaha girən vaxt müqavilənin bağlanması təklif olunsa, narazılıq olmayacaq və tərəflər razılaşacaq".

Mirzəliyevin sözlərinə görə, mülkiyyətçi, mülkiyyətində olan mənzildə gəlininin yaşamasına yazılı razılıq veribsə, sonradan onu mənzildən çıxarmaq üçün qanunda nəzərdə tutulan əsaslar yaranmalıdır. "Əsas yoxdursa, mülkiyyətçi, mənzildən istifadə hüququ əldə etmiş şəxsə kompensasiya ödəməklə, onun istifadə hüququna xitam verilməsini tələb edə bilər",- deyə hakim vurğulayıb.

Mirzəliyev nigah müqavilənin məcburi bağlanmasının yolverilməz olduğunu vurğulayıb. Belə ki, qanunvericilik şəxsin müqavilə azadlığını nəzərdə tutur. "Bu hal müəyyən olunarsa, müqavilə etibarsız sayılır. Nigahın bağlanmasının özündə də məcburiyyət müəyyən olunsa, nigah etibarsız sayılmalıdır",- deyə hakim vurğulayıb.

Hakim hesab edir ki, nigah müqaviləsinin bağlanması ilə bağlı təbliğat işində VVAQ orqanları daha aktiv olmalıdır. "Nigaha daxil olmaq üçün ərizə verən şəxslərə müqavilənin üstünlükləri izah olunmalıdır".

Mirzəliyev bu sahədə xarici ölkələrin təcrübəsinin öyrənilməsini və tətbiqini də mümkün hesab edir.

Onun sözlərinə görə, Kiprdə ailə mübahisələrinə ailə məhkəmələri baxır və həmin məhkəmələrdə bosanmaq üçün ərizə verən şəxslərlə psixoloqlar söhbət aparırlar. "Bu söhbətlər o qədər faydalı olur ki, boşanma üçün verilən ərizələrin 60-70 faizi geri götürülür. Ailənin dağılmasının qarşısını almaq üçün bütün imkanlardan istifadə olunmalıdır",- deyə Ali Məhkəmə rəsmisi qeyd edib.

Vəkil Teyyub Muxtarov əmindir ki, nigah müqaviləsi bağlanarsa, tərəflər arasında yaranan əmlak mübahisələrinin və məhkəməyə olunan müraciətlərin sayı kəskin şəkildə azalacaq. Müqavilənin bağlanmamasını isə, vəkil mentalitetlə əlaqələndirir. Onun sözlərinə görə, müqavilə bağlamağa ikinci dəfə nigaha girən kişilər maraq göstərirlər; birinci nagahda qarşılaşdıqları problemləri yenidən yaşamaq istəmirlər.

Vəkil deyir ki, nigah müqaviləsi bağlanarkən ərin və ya arvadın sərəncamla, icarə müqaviləsi ilə işlətdiyi obyektlərdən gələn gəlirin də bölüşdürülməsi nəzərdə tutula bilər və nigaha xitam verilərkən, bununla bağlı problemlər yaranmaz.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti