Azərbaycan, Bakı, 21 iyun / Trend / Euro-2008-in Xorvatiya və Türkiyə yığmaları arasında oynanılan 1/4 finalı Fatih Terimin yetirmələrinin qələbəsi ilə başa çatıb. Oyunsonrası penaltilər seriyasında idman fortunası türklərin üzünə gülüb. Nəticədə "ay-ulduzlular" yarımfinala vəsiqə qazanıblar. Türkiyə yığmasında Arda, Şəntürk və Altıntop penaltiləri dəqiq yerinə yetiriblər. Xorvatlardan isə penaltini yalnız Srna vura bilib. Modriçlə Rakitiç isə topu qapıdan yan vurublar.
Matçın əsas vaxtı qalibi müəyyənləşdirməyib. Buna görə də hakim 15 dəqiqədən ibarət iki taymın oynanılmasına qərar verib. Matçın 119-cu dəqiqəsində xorvat Klasniç türklərin qapısına qol vurub. Artıq hamı Biliçin yetirmələrinin yarımfinala çıxdıqlarını zənn edirdilər. Lakin bəxt türklərin tərəfində olub. Belə ki, matçın sonuncu saniyələrində Semih Şəntürk gözəl zərbə ilə hesabı bərabərləşdirib və qarşılaşmanın taleyini penaltilər seriyasına həvalə edib.
Beləliklə, yarımfinalda Türkiyə Almaniya ilə üz-üzə gələcək. Almanlar iyunun 19-da Portuqaliya yığmasını 3:2 hesabı ilə məğlub ediblər.