Azərbaycan, Bakı, 30 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Xəzər-Lənkəran" futbol klubu Bolqarıstandan olan futbolçu Stanislav Jekovu baxışa dəvət edib. Bu barədə bazar ertəsi Trend -a "Xəzər-Lənkəran" klubunun mətbuat xidməti məlumat verib.
Hazırda Avstriyada təlim-məşq toplanışında olan "Xəzər-Lənkəran" bolqar oyunçunu da Avstriyadakı hazırlıq prosesinə cəlb edib. Jekov Lənkəranı təmsil edən klubun düşərgəsinə gələnədək Bolqarıstanın "Spartak" komandasının heyətində çıxış edib.
Klubun mətbuat xidmətinin verdiyi məlumata görə, iyulun 2 - də komandaya daha bir neçə əcnəbi futbolçunun baxışa gələcəyi gözlənilir.
"Xəzər-Lənkəran" klubu Avstriyada olduğu müddətdə bu ölkənin ikinci liqa komandalarından biri ilə yoxlama oyunu keçirərək, 8:0 hesabı ilə qələbə qazanıb. Azərbaycan klubu iyulun 3 -də Rumıniyanın "Poli Timisiora" komandası ilə oyunda qüvvəsini sınayacaq.
Ölkə kubokunu qazanmaqla Azərbaycanı UEFA kubokunda təmsil edəcək "Xəzər-Lənkəran"ın baş məşqçisi Ağasəlim Mircavadovdur.
"Xəzər-Lənkəran"ın təlim-məşq toplanışının ilk mərhələsini Yunanıstanda keçirəcəyi gözlənilsə də, sonradan klub rəhbərliyi planda dəyişiklik edərək, Avstriyaya getməyi üstün tutub.