...

Avropa Məhkəməsindən Azərbaycan hökumətinə parlament seçkiləri ilə əlaqədar sorğu daxil olub

Cəmiyyət Materials 16 İyul 2008 14:27 (UTC +04:00)

Azərbaycan, Bakı,16 iyul / Trend , müxbir K.Zərbalıyeva/ Avropa İnsan Hüquqları Məhkəməsindən Azərbaycan hökumətinə sonuncu parlament seçkiləri ilə əlaqədar şikayətlə bağlı sorğu daxil olub.

Sorğu 2005-ci ilin parlament seçkiləri ilə əlaqədar Bəybala Əbilin bu quruma göndərdiyi şikayətlə bağlıdır.

Trend -un məlumatına görə, bu barədə ərizəçinin hüquqlarının Avropa Məhkəməsində müdafiəsini həyata keçirən İntiqam Əliyev məlumat yay?b.

6 noyabr 2005-ci ildə Milli Məclisiə keçirilən seçkilərdə 11 saylı Qaradağ seçki dairəsindən namizədliyi ləğv olunan Əbilin şikayətində İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 3-cü (azad seçki hüququ), Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 13-cü (səmərəli hüquqi müdafiə vasitələrinə olan hüquq), 14-cü (ayrı-seçkiliyin qadağan olunması) maddələrinin pozuldugu iddia olunur.

Şikayət 15 aprel 2006-cı ildə Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib.Avropa Məhkəmsinə şikayətdə göstərilib ki, 6 noyabr 2005-ci il tarixdə Milli Məclisə keçirilən seçkilərdə seçki öncəsi təbliğat və təşviqat kampaniyası zamanı və seçki günü 11 saylı Qaradağ seçki dairəsində Konstitusiya və qanunlar, o cümlədən Seçki Məcəlləsi və Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi qərar və təlimatların tələbləri kobud surətdə pozulub. Qeyd edilən pozuntular həmin dairədən namizədliyi irəli sürülmüş Yeni Azərbaycan Partiyasının namizədi, Milli Məclisin sabiq spikeri Murtuz Ələsgərovun xeyrinə edilib. 11 saylı Qaradağ Dairə Seçki Komissiyasının 28 oktyabr 2005-ci il tarixli yığıncağında isə Əbilin namizədliyinin ləğvi üçün Apellyasiya Məhkəməsinə müraciət edilməsi qərara alınıb.

Yığıncağın protokolunda göstərilib ki, 11 saylı Qaradağ seçki dairəsinin 25 avqust 2005-ci il tarixli 37 saylı və 37 saylı 27 avqust 2005-ci il tarixli 40 saylı qərarları ilə Milli Məclisin deputatlığına namizədlikləri qeydə alınmış Əbil Bəybala Əlibala oğlu və Əyubov Allahyar Yusif oğlu tərəfindən təşviqat kampaniyasının keçirildikləri dövr ərzində ciddi qanun pozuntularına yol verilməsi faktı aşkarlanıb.Protokolda qeyd olunub ki, namizədlər seçicilərlə görüşləri zamanı onları şirnikləndirmək məqsədilə səslərini pul vəsaiti hesabına almaq istəyiblər.

Buna sübut olaraq həmin seçicilər Dairə Seçki Komissiyasına çoxsaylı ərizələrlə müraciət ediblər.Müraciətlərdə namizədlər tərəfindən dövlətçiliyin əleyhinə çıxışların olduğu və bununla da Seçki Məcəlləsinin 88.1 maddəsinin ciddi surətdə pozulduğu qeyd olunaraq, Dairə Seçki Komissiyasından həmin namizədlər barəsində ciddi tədbirlərin görülməsi xahiş olunub.Qeyd olunan qərarın əsasında 11 saylı Qaradağ seçki dairəsi üzrə DSK Apellyasiya Məhkəməsinə müraciət edərək Əbilin namizədliyinin ləğv edilməsini xahiş edib. Əliyev bildirib ki, ümumilikdə 40-a yaxın namizəd 6 noyabr parlament seçkiləri ilə bağlı şikayətlər üzrə Avropa Konvensiyasının 1 saylı Protokolunun 3-cü maddəsi ilə təminat verilən hüququn (azad seçki hüququ) pozuntusu ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verib.Şikayətlərin əksəriyyətində Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsi (azad seçki hüququ), Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 13-cü (səmərəli hüquqi müdafiə vasitələrinə olan hüquq), 14-cü (ayrı-seçkiliyin qadağan olunması) maddəsi ilə təminat verilən hüquqların pozuntusu qeyd edilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti