Azərbaycan, Bakı, 25 iyul /TrendLife müxbir Z.Rüstəmova
Səhnədə az görünən sənətiçilərdən olan əməkdar artist Könül Xasıyeva bunu onun təbiətindən irəli gəldiyini söylədi. Özünü şou-biznes mühitinə ümumiyyətlə, yaxın görməyən xanəndə xanım hətta evdə olarkən televizorun düyməsini eyni təbəqəni təmsil edən verilişlərdən uzaq tutduğunu TrendLife-a söhbətində söyləyib. El şənliklərinə dəfələrlə dəvətlər alan sənətçi xanım təkliflərin sayını minumuma endirdiyini bildirib. Səbəb isə onun övladına göstərmək istədiyi analıq qayğısıdır:
"Ana olandan sonra insan tamam fərqli düşünür və övladının onun üçün nə qədər müqəddəs olduğunu anlayır. Artıq mən həmin hissləri yaşayıram və övladıma olan məhəbbətim və onun qayğısı məni daha çox düşündürür".
Qeyd edək ki, Könül Xasıyevanın oğlu hazırda 9 ayını yaşayır. Müğənni bildirdi ki, övladı bir yaşına qədəm qoyandan sonra bir sıra yaradıcılıq planlarının həlli barədə düşünəcək. Onun əlavəsinə görə, proqrama konsert layihəsi və bir sıra səfərlər daxildir:
"Səfər dəvətləri bir neçə dəfə təxirə düşüb. Sonda bu qənaətə gəldik ki, tarixi payız aylarına keçirək. Həmin tarixdə M.Maqomayev adına Filarmoniyada növbəti konsert proqramım da təqdim olunacaq. Musiqili proqramı "Xarı bülbül" ansamblı müşayiət edəcək. Avqustun sonlarında məşqlərə başlamaq niyyətindəyik".