...

Azərbaycanın paytaxtında qəzalı vəziyyətdə olduğu bildirilən binada yoxlamalara başlanılıb

Cəmiyyət Materials 16 Avqust 2008 12:10 (UTC +04:00)

Azərbaycan, Bakı 16 avqust / Trend , müxbir S.Kazımlı/ Bakının Yasamal rayonu, Hüseyn Cavid, Şəfayət Mehdiyev və Landau küçələrinin kəsişməsində yerləşən 546-cı məhəllədəki qəzalı vəziyyətdə olduğu bildirilən (metronun "Elmlər Akademiyası" stansiyasının yaxınlığında yerləşən) binada yoxlamalara başlanılıb.

Həmin binada yaşayan sakinlərin şənbə günü Trend -a veridikləri məlumat görə, avqustun 15-də günün 2-ci yarsında Yasamal rayon İcra Hakimiyyətinin və ərazi üzrə 21 saylı Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları onların yaşadıqları ünvanlara gələrək yoxlamalar aparıblar.

Trend -un arayışı: Bu ilin iyul ayının 19-da sakinlərlə görüşən Yasamal rayonundakı 21 saylı Mənzil İstismar Sahəsinin rəisi Laçın Hacıyev Nazirlər Kabinetinin möhürü ilə təsdiqlənmiş sərəncamı sakinlərin diqqətinə çatdırıb. Sərəncamda göstərilib ki, Bakı şəhəri, Yasamal rayonu, akademik Şəfayət Mehdiyev küçəsi, 546-cı məhəllə, 17 ünvanında beşmərtəbəli yaşayış binasının təhlükəli vəziyyətdə olan mənzillərində yaşayan əhalinin təhlükəsizliyinin təmin olunması üçün onların digər ünvanlarda mənzil kirayələyib müvəqqəti yerləşməsi məqsədilə 36 ailənin rayon ərazisində digər ünvanlarda yerləşməsi üçün tələb olunan 6 aylıq kirayə haqları və köçürülmə xərclərinin ödənilməsi üçün 130560 manat ayrılması nəzərdə tutulur. 1 otaqlı mənzil sahiblərinə 400 manat, 2 otaqlılar üçün 500 manat, 3 otaqlı mənzil sahibləri üçün 700 manat, habelə vətəndaşların köçürülmə xərcləri üçün 1 avtoreysə görə 120 manat vəsait ödəniləcək. Sərəncamda sakinlərin yaşadıqları binanın sökülüb-sökülməməsi və yaxud da təmiri ilə bağlı heç nə öz əksini tapmayıb.

Sakinləri qəbul edən Baş nazirin müavini Abid Şərifov onlara binanın söküləcəyini deyib. Şərifov binanın 5, 6, 7-ci bloklarının, sonrakı mərhələdə isə binanın digər 7 blokunun da söküləcəyini söyləyib. Baş nazirin müavini sakinlərə bildirib ki, gələcəkdə həmin ərazidə tikilən binada sakinlərə indiki mənzil sahələrindən 20 faiz artıq mənzillər veriləcək.

Bina 1959-cu ilin aprel ayından tikilməyə başlayıb. 1960-cı ildə isə bina istifadəyə verilib. Həmin ildən binada Bakı Dövlət Universitetinin və Milli Elmlər Akademiyasinin professorları, alimləri və dosentləri yaşamağa başlayıblar. Bu ilin iyun ayının 19-da gecə saatlarında bir qrup polis əməkdaşı binaya daxil olaraq 5, 6 və 7-ci bloklarda yaşayan 40 ailəni mənzillərdən çıxarıblar. Həmin gündən qeyd olunan bloklardakı mənzillərə verilən qaz, su və elektrik enerjisi kəsilib. Binanın təxminən 40-dan artıq eyvanı sökülüb.

Avqustun 13-də Yasamal rayonu, Hüseyn Cavid, Şəfayət Mehdiyev və Landau küçələrinin kəsişməsində yerləşən 546-cı məhəllədəki qəzalı vəziyyətdə olduğu bildirilən binanın bir qrup sakini keçirdikləri mətbuat konfransında binanın qəzalı vəziyyətdə olmadığını və evlərindən çıxmayacaqlarını deyiblər.

Yasamal rayon İcra Hakimiyyətinin nümayəndələri avqustun 14-də Şəfayət Mehdiyev küçəsində yerləşən 546-cı məhəllədəki qəzalı vəziyyətdə olduğu bildirilən 17 saylı binanın sakinlərinin evlərindən çıxmaları haqda xəbərdarlıqedici elan vurublar. Elanda göstərilib ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncami ilə sakinlərin müvəqqəti olaraq digər yerlərdə yaşaması üçün 6 aylıq kirayə pulu və əmlakın daşınması üçün müavinat ayrılıb. Elanda ayrılan müavinatların "Kapitalbank"ın 2 saylı Yasamal filialında sakinlərin adına açılan xüsusi hesaba köçürüldüyü qeyd edilib. Elanda avqust ayının 25-dək mənzillərin tam boşaldılması və bu barədə ərazi üzrə 21 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəhbərliyinə məlumat verilməsi də əks olunub.

Sakinlərin sözlərinə görə, Yasamal rayon İcra Hakimiyyətinin və 21 saylı Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları onlardan mənzillərin sənədlərini təqdim etməyi istəyiblər: "Həmin şəxslər bir-bir qapılarımızı döyərək, bizdən mənzillərin şəhadətnamələrini və mənzillərin kimin adına olmasını soruşurdular", - deyə sakinlər bildiriblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti