...

Azərbaycanda hakimlər gəlirləri barədə hesabat verəcəklər - millət vəkili

Cəmiyyət Materials 4 Sentyabr 2008 14:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 sentyabr / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanda hakimlər də gəlirləri barədə hesabat verəcək. Bu haqda cümə axşamı jurnalistlərə açıqlamasında millət vəkili, Məhkəmə-Hüquq Şurasının üzvü Əli Hüseynov məlumat verib.

Millət vəkili bildirib ki, Milli Məclis "Gəlir deklorasiyası haqqında" qanun qəbul edib və həmin qanuna əsasən. bütün vəzifəli şəxslər, o cümlədən hakimlər də gəlirləri barədə parlamentə deklorasiya təqdim edəcəklər.

Hüseynovun sözlərinə görə, qanun qüvvəyə minəndən sonra Nazirlər Kabinetinə müvafiq deklorasiyanın forması barədə tapşırıq verilib və Korrupsiyaya qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu müvafiq iş aparır.

Azərbaycan məhkəmə sistemində rüşvət və korrupsiya faktlarının yayılması fikri ilə razılaşmayan millət vəkili bildirib ki, artıq belə faktların sayı minimuma enib.

Bir neçə hakimin korrupsiya hüquqpozmalarına görə Məhkəmə-Hüquq Şurası tərəfindən cəzalandırıldığını deyən millət vəkili, bu hallara qarşı ciddi mübarizə aparıldığını vurğulayıb.

"Hakim işləyən şəxs bilməlidir ki, o, ancaq qanunu rəhbər tutub vətəndaşların maraqlarını müdafiə etməlidir. Qanundan kənar faktla bağlı ciddi araşdırma olacaq",-deyə Hüseynov vurğulayıb.

ABŞ Apellyasiya Məhkəməsinin Baş Dairə hakimi John Ualker iyulda Bakıda səfərdə olarkən jurnalistlərə bildirmişdi ki, Amerikada hakimlərin illik gəlirləri arasında böyük fərq aşkarlanarsa, həmin hakim barəsində cinayət işi açılır.

Amerikalı hakim deyib ki, onun ölkəsində hakimlər hər il gəlirləri barədə ictimaiyyətə məlumat verirlər. Əmlak Bəyannaməsində əmlaklarının dəqiq qiymətləri deyil, təqribi qiymətlər göstərilir. "Növbəti hesabatla əvvəlki hesabat arasında böyük məbləğdə fərq müəyyən olunarsa, həmin hakim barəsində cinayət işi açıla bilər. Lazimi orqanlar əmək haqqından artıq məbləğin haradan əldə olunduğunu araşdırmalı və aydınlaşdırmalıdır",-deyə Ualker vurğulayıb.

Azərbaycan qanunvericiliyində dövlət qulluqçularının əmlak bəyannamələri təqdim etməsi ilə bağlı göstəriş olsa da, indiyədək bunun mexanizmi hazırlanmayıb.

Ali Məhkəmənin sədri Ramiz Rzayev bir müddət əvvəl mətbuata açıqlamasında hakimlərin əmlak bəyannamələri təqdim etməsi ilə bağlı iş aparıldığını və yaxın gələcəkdə bunun tətbiq olunacağını deyib.

Avropa Şurası Korrupsiya ilə mübarizə üzrə Dövlətlər Qrupunun (QREKO) icraçı katibi Volfqanq Rau Trend -a müsahibəsində bildirimişdi ki, QREKO-nun qiymətləndirmə ilə bağlı məruzəsində dövlət qulluqçuları, o cümlədən hakimlərin təqdim etməyə məcbur olduqları əmlak bəyannamələrinin mövcud yoxlanılması mexanizmi ilə bağlı qeydlər olub. QREKO Azərbaycana maliyyə ərizələrinin yoxlanılmasının təmin edilməsini tövsiyə edib. 2008-ci ilin oktyabrında da QREKO Azərbaycanın bu sahədə nail olduğu irəliləyişlərin qiymətləndirilməsini keçirəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti