...

Azərbaycan futbolunda danışılmış oyunların olduğunu sübut etmək də çətindir, inkar etmək də - Trend News-un idman icmalçısı

Cəmiyyət Materials 25 Sentyabr 2008 11:21 (UTC +04:00)
Azərbaycan futbolunda danışılmış oyunların olduğunu sübut etmək də çətindir, inkar etmək də - Trend News-un idman icmalçısı

Trend -un idman icmalçısı - Rəşad Ergün

Nəticəsi əvvəlcədən müəyyənləşdirilmiş və ya sadəcə, danışılmış oyunlar. Bu, XXI əsr futbolunun ən yaralı yeri, sağalmayan xəstəliyidir. Təəssüf ki, bu gün Azərbaycan danışılmış oyunların sayına, "keyfiyyət"inə görə ön sıralardadır və ölkədə futbolun "ölə-ölə" inkişaf etməsinin əsas səbəblərindən biri də bu oyunlarla bağlıdır. Ən azı Azərbaycan Premyer-Liqası ətrafında gəzən söz-söhbətlər, şübhələr belə deməyə əsas verir.

Düzdür, hələ lap ötən əsrin ortalarında belə nəticəsi şübhə doğuran oyunlar olub. Amma hələ onda Bukmeker kontorları deyilən məfhum insanlara yad idi və həmin kontorlar futbolu indi olduğu kimi ağuşuna almamışdı. Və kim nə deyir desin, Bukmeker kontorları əvvəl-axır nəinki futbolu, digər idman növlərini də uçuruma aparacaq. Artıq uçurumun kənarı görünməkdədir.

Maraqlısı budur ki, BVİN kimi dünyanın ən böyük kontorları "Milan", "Real" kimi klublara sponsorluq edir... Sabah Çempionlar Liqasında "Real" heç kimin tanımadığı "Kluj"a, ya da BATE-yə məğlub olarsa, bu, artıq futbolun möcüzəsi yox, Bukmeker kontorlarının "möcüzəsi" olacaq. Necə ki, cari Çempionlar Liqasının ilk turunda İtaliya nəhəngi "Roma" öz meydanında Rumıniya "Kluj"una məğlub oldu...

Xoşbəxtlikdən, Bukmeker kontorları Azərbaycan Premyer-Liqasının oyunlarına o qədər də maraq göstərmir. Düzdür, Azərbaycan çempionatının oyunları bukmekerlərin siyahısına salınır. Amma Premyer-Liqanın oyunlarına pul qoymaq üçün məntəqələrin sayı yox dərəcəsindədir. İngiltərə, İtaliya, İspaniya, Türkiyə, Rumıniya çempionatlarında olduğu kimi, Azərbaycan Premyer-Liqası da kontorların marağına səbəb olsa... Bax, əsl faciə onda olacaq. Yeri gəlmişkən, Rumıniya yuxarıda adlarını sadaladığımız ölkələr arasında bukmekerlərin əsas "bazar"larından hesab olunur.

Bukmekerlər Azərbaycanda hələ ki, əl-qol aça bilməsələr də, bu, Premyer-Liqa oyunlarının təmiz, şəffaf mübarizə şəraitində keçdiyindən xəbər vermir. Elə Premyer-Liqanın son turunun "Simurq" - "İnter" oyunu ətrafında yaranan söz-söhbəti xatırlatsaq, bəs edər.

Məsələ ondadır ki, futbol ictimaiyyəti arasında həm "İnter"in, həm də "Simurq"un eyni qaynaqdan, başqa sözlə, eyni "cib"dən maliyyələşdiyi barədə fikir formalaşıb. Və pis olan budur ki, indiyədək "Simurq" "İnter"lə keçirdiyi oyunların hamısında məğlub olmaqla, ictimai rəyi dağıtmaq yönündə addım atmayıb. Halbuki, "Simurq" komandası gücünə görə "İnter"dən geri qalmayan "Neftçi"dən də, "Xəzər-Lənkəran"dan da xal almağı bacarıb. Bu isə hazırda Premyer-Liqanın liderlərindən olan "Simurq"un "İnter"lə oyunlarının nəticəsinin əvvəlcədən razılaşdırıldığına dair şübhələri gücləndirir.

Bu gün Azərbaycanın futbol təsərrüfatına rəhbərlik edən qurumlar - AFFA və PFL hər nə qədər Premyer-Liqa oyunlarının şəffaf keçdiyini sübut etməyə çalışsalar da, bunu etmək iki-üç ilin, bəlkə də on ilin işi deyil. Axı bunun üçün oyunların nəticəsinə birbaşa təsir etmək imkanı olan hakimlərə inamı bərpa etmək lazımdır. Bunun üçün "İnter"lə "Simurq" arasında maliyyə bağlılığının olmadığını göstərmək lazımdır. Eyni zamanda, nəticəsi şübhə doğuran oyunlarla bağlı xüsusi komissiya yaradıb araşdırma aparmaq lazımdır. Necə ki, lap yaxın keçmişdə İtaliyanın, Portuqaliyanın ən tanınmış klubları bu cür şübhələrin qurbanları olmuşdular. Özü də haqlı şübhələrin.

Premyer-Liqanın keçirilməsinə əsas cavabdeh olan şəxs - PFL-in prezidenti Ramin Musayev Azərbaycan çempionatında tədricən hər şeyin qaydasına düşdüyünü, şəffaflığın bərpa olunduğunu bildirir. Təkcə o yox, AFFA-nın baş katibi Elxan Məmmədov da Premyer-Liqada nəticəsi əvvəlcədən razılaşdırılmış oyunların olması fikri ilə razılaşmır. Amma keçmiş, özü də yaxın keçmiş başqa şey deyir... "Avstriyalı hakim Şteffan Messner Elxan Məmmədovla əlbir olub. "Xəzər-Lənkəran"la oyunumuzu idarə edən hakimə verilmiş tapşırıq "Neftçi"ni dayandırmaq idi. Elxan Məmmədovun AFFA-dan kənarda gördüyü işlər öz nəticəsini verir". Bunu PFL-in hazırki prezidenti, ötən mövsüm "Neftçi"nin vitse-prezidenti olan Ramin Musayev Bakıda "Xəzər-Lənkəran"a 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra demişdi. Əlavə şərhə ehtiyac varmı? Amma bu da son deyil.

"İnter"in ukraynalı baş məşqçisi Valentin Xodukin bu yaxınlarda Azərbaycan mətbuatına müsahibəsində "Danışılmış, şübhəli oyundan söhbət gedirsə, bu, ötən mövsüm olub" demişdi.

Premyer-Liqanın ötən mövsümünün son turunda "Qarabağ"a məğlub olmaqla çempionluğu əldən verən "Olimpik" komandasının məşqçisi Novruz Əzimov isə oyundan sonra keçirilən mətbuat konfransında "İnter" klubunu danışılmış oyunlarda iştirakda ittiham emişdi: "Azərbaycan futboluna ən böyük zərbəni "İnter" klubu vurur".

...Əslində isə zaman-zaman Azərbaycan futbolunda danışılmış, nəticəsi əvvəlcədən razılaşdırılmış oyunların olduğunu etiraf edən məşqçilərin, klub funksionerlərinin sayı çox, lap çox olub. Amma təəssüf ki, indiyədək bu etirafların izinə düşüb həqiqəti üzə çıxarmaq yönündə hansısa ciddi addım atılmayıb. Bu isə yeni etirafların, yeni şübhələrin yaranması deməkdir. Elə təkcə Xodukinin "Danışılmış, şübhəli oyundan söhbət gedirsə, bu, ötən mövsüm olub" deməsi AFFA-nın hüquq-mühafizə orqanları ilə birlikdə araşdırma aparması üçün bəs etmirmi? Edir, özü də artıqlaması ilə.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti