...

Azərbaycanın futbol üzrə yığma komandasının hücum xəttində böyük problemlər var – keçmiş baş məşqçi

Cəmiyyət Materials 13 Oktyabr 2008 13:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə yığma komandasının keçmiş baş məşqçisi Vaqif Sadıqov hesab edir ki, yığmanın hücum xəttində böyük problemlər var.

"Finlandiya ilə Azərbaycan yığması arasındakı oyunu izlədim. Komandamız yaxşı müdafiə olunmağı bacarır. Amma təəssüf ki, yığma komandanın hücum xəttində böyük problemlər var", bazar ertəsi Trend -a Sadıqov deyib.

DÇ-2010-un seçmə mərhələsi çərçivəsində Finlandiya ilə Azərbaycan komandaları arasında görüş oktyabrın 11-də keçirilib. Helsinki şəhərindəki "Olimpiya" stadionunda baş tutan oyunda Azərbaycan yığması 0:1 hesabı ilə məğlub olub.

Sadıqov bildirib ki Azərbaycan yığmasının hücum xəttindəki problemlərin həll olunması üçün zamana ehtiyac var.

"Zaman geçdikcə yığma komandanın oyununda inkişaf görünür. İnanıram ki, Azərbaycan millisi gələn il həm Lixtenşteynlə səfərdəki oyunda, həm də Uels və Finlandiya ilə Bakıdakı görüşlərdə xal qazanacaq", - deyə keçmiş baş məşqçi əlavə edib.

Azərbaycan yığmasının baş məşqçisi almaniyalı Berti Foqtsdur. Komanda onun rəhbərliyi altında DÇ-nin seçmə mərhələsində keçirdiyi üç oyunun heç birində qol vura bilməyib.

Sadıqov deyib ki, rəqib komandaların müdafiəçilərinin fəal olmaları Azərbaycan yığmasının hücumçularının və yarımmüdafiəçilərinin işini çətinə salır: "Finlandiya ilə oyunda rəqib komandanın müdafiəçilərinin son dərəcə fəal olmaları bizim hücumçuların və cinah yarımmüdafiəçilərinin müdafiə xəttinə çəkilməsinə səbəb olmuşdu. Amma hesab edirəm ki, zaman keçdikcə bu problem həll olunacaq".

Sadıqov fasilələrlə üç dəfə Azərbaycan yığmasının baş məşqçisi olub. Onun baş məşqçi olduğu dövrlərdə yığma komanda daha çox yoldaşlıq oyunlarında heç-heçə etməklə yadda qalıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti