Azərbaycan, Bakı, 11 noyabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın qadın voleybolçulardan ibarət "İqtisadçı" klubunun heyətində "Çelens" kubokunda qeyri-qanuni iştirak etdiyi deyilən iki voleybolçu İqtisad Universitetinin tələbələridir.
"Komandamızın heyətində "Çelens" kubokunda qeyri-qanuni olaraq iştirak etdiyi iddia olunan hər iki voleybolçu İqtisad Universitetinin tələbəsidir. Onlar əvvəllər Rusiyada yaşasalar da, Azərbaycan vətəndaşıdırlar", çərşənbə axşamı Trend -a Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidmətinin rəhbəri Zöhrab Gözəlbəyli deyib.
Trend -un arayışı: Avropa Voleybol Konfederasiyası (CEV) "İqtisadçı" klubunu cəzalandırıb. CEV-in "İqtisadçı"nı cəzalandırmasının səbəbi "Çelens" kubokunda iştirak edən Azərbaycan klubunun heyətində iki voleybolçunun qeyri-qanuni çıxış etməsi olub. CEV Azərbaycan klubunun "Çelens" turnirində Kiprin AEK komandası ilə oyununun nəticəsini (3:0) ləğv edərək, "İqtisadçı"ya 0:3 hesablı texniki məğlubiyyət verib.
Gözəlbəyli bidirib ki, CEV-in "İqtisadçı" ilə əlaqədar bu cür qərar verməsinin əsas səbəbi kiprlilərin səs-küy salması olub.
"Düzdür, bu voleybolçuların "Çelens" turnirində iştirak etməsi hüquqi baxımdan düz deyil. Amma biz kiprliləri yaxşı tanıyırıq. Onlar belə məsələlərdə lazım olandan da çox səs-küy qaldırırlar. Hətta onlar bu məsələ ilə əlaqədar Rusiyaya da müraciət ediblər", - deyə federasiya rəsmisi əlavə edib.
Mətbuat xidmətinin rəhbəri bildirib ki, hazırda yenə də məsələ ilə bağlı araşdırmalar davam etdirilir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]