Azərbaycan, Bakı, 17 noyabr / Trend , müxbir İ.Əlizadə/ Beynəlxalq maliyyə böhranı Azərbaycandan Həcc ziyarətinə gedənlərin sayının azalmasına səbəb olub.
"Azərbaycandan Həcc ziyarətinə getmək üçün ayrılan kvotanın bir hissəsi boş qalıb", - bu barədə bazar ertəsi keçirdiyi mətbuat konfransında Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxulislam Hacı Allahşükür Paşazadə bildirib.
Trend -un arayışı: Azərbaycandan bu il Həcc ziyarətinə 6 min zəvvarın getməsi nəzərdə tutulub.
Həcc ziyarəti noyabrın 20-dən sonra başlayacaq. Noyabrın 22-də avtobus və təyyarə ilə ilk karvan Məkkə və Mədinəyə yola düşəcək.
Ötən illə müqayisədə, bu il Həcc ziyarətinə zəvvarların aparılması üzrə qiymətlərdə də artım var, zəvvarların təyyarə ilə aparılması 3500 manat, avtobuslarla aparılması isə 2050 manata başa gələcək.
Paşazadə vurğulayıb ki, zəvvarları ziyarətə aparmaq üçün sifariş verdikləri bir necə təyyarəni geri qaytarıblar. "Təyyarə sifariş verən zaman bilet pulunun 25 faizi əvvəldən ödənir. Biz də əvvəldən təyyarə sifariş vermişdik. Lakin ziyarətə gedənlər az olduğuna görə, bir necəsini geri qaytardıq".
Onun sözlərinə görə, zəvvarları aparacaq avtobuslar bir necə gündən sonra Türkiyədən gətiriləcək. Paşazadə bildirib ki, bu il prezident İlham Əliyevin tapşırığı ilə 107 nəfər pulsuz Həcc ziyarətinə göndəriləcək. "Mənim özüm isə 180 nəfər imkansız adamı pulsuz Həcc ziyarətinə göndərəcəm", - o deyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]