...

Bakının partlayış baş verən yaşayış binasının sökülüb-sökülməməsi ekspertizanın yekun rəyindən sonra məlum olacaq

Cəmiyyət Materials 17 Yanvar 2009 13:10 (UTC +04:00)
Bakının partlayış baş verən yaşayış binasının sökülüb-sökülməməsi ekspertizanın yekun rəyindən sonra məlum olacaq

Azərbaycan, Bakı, 17 yanvar / Trend , müxbir S.Kazımlı/ Azərbaycan paytaxtında cümə günü partlayış nəticəsində dağılan yaşayış binasının sökülüb-sökülməməsi barədə qərar ekspertizanın yekun rəyindən sonra məlum olacaq, bunu şənbə günü Trend - a Bakının Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Həsib Məhəməliyev məlumat verib.

Trend New-un arayışı: Azərbaycanın paytaxtında yanvarın 16-da Cavadxan 30 ünvanında beşmərtəbəli yaşayış binasında partlayış baş verib. Partlayış nəticəsində 1 blokun 4-cü və 5-ci mərtəbələri tamamilə dağılıb.

Hadisə zamanı 5 nəfər - Tahirov Osman Rüstəm oğlu (1971), Əkbərov Hafiz Nurulla oğlu (1959), Bağırova Fərqanə İlyas qızı (1972), Hüseynova Nərgiz Bəhlul qızı (1942) və Murtuzayeva Elnarə (1980) ölüb, 10 nəfər xəsarət alıb. Xəsarət alanların 6-sı hadisə günü ilkin tibbi yardımdan sonra evə buraxılıblar. Qalan 4 xəstənin vəziyyəti isə orta-ağır qiymətləndirilir.

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev hadisə günü jurnalistlərə açıqlamasında bildirib ki, ilkin versiyaya görə partlayışa səbəb mənzillərin birində qaz sızması olub.

Bakı şəhər prokurorunun birinci müavini Fazil Həsənəliyev hadisə günü Trend -a bildirib ki, faktla bağlı Cinayət Məcəlləsinin səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda (314.2.) maddəsi ilə cinayət işi başlanıb.

Məhəməliyev bildirib ki, partlayış binanın 5-ci mərtəbəsindəki 60 saylı mənzilində baş verib.  Mənzil ev sahibi tərəfindən kirayəyə verilib.

İcra başçısının sözlərinə görə, partlayış nəticəsində 8 mənzil tamamilə yararsız hala düşüb. Həmin mənzillərdə yaşayan ailələr qohumlarının evində məskunlaşıblar. Həmin ailələr üçün rayon ərazisindəki uşaq bağçalarında və orta məktəblərdə yer ayrılıb. "Zərərçəkən ailələr bizə müraciət edərsə, onlar üçün ayrılmış məktəb və bağçalarda yerləşdiriləcəklər", - deyə icra başçısı vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]          

Xəbər lenti

Xəbər lenti