Azərbaycan, Bakı, 12 fevral / Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan yığma komandasının almaniyalı baş məşqçisi Berti Foqts Küveytlə yoxlama oyunundan razı qalmayıb.
"Biz qələbə qazanmalı idik. Bəzi futbolçularımızın arxayınçılığı nəticəsində görüş heç-heçə başa çatdı. Oyundan razı qalmadım", - Küveytlə yoxlama oyunundan sonra keçirilən mətbuat konfransında Foqts deyib.
Azərbaycanla Küveyt arasında yoxlama oyunu dünən, Küveytin Əl-Küveyt şəhərində keçirilib. 1:1 hesabı ilə başa çatan görüşdə Azərbaycan millisinin heyətində qolu Vaqif Cavadov vurub.
Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışında olan Azərbaycan yığması hazırlıq prosesində üç yoxlama oyunu keçirib. Küveytlə görüşə kimi Özbəkistan millisi ilə oyunda heç-heçə (1:1) edən Azərbaycan komandası Çexiyanın "Slaviya" klubu ilə qarşılaşmada uduzub (0:2).
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]