Azərbaycan, Bakı, 19 fevral / Trend , müxbir K.Zarbalıyeva/ Bakı Apelyasiya Məhkəməsi Əbu-Bəkr məscidinin fəaliyyətini bərpa etməyib.
Cümə axşamı keçirilən məhkəmə iclasında Bakı Apelyasiya Məhkəməsi Nərimanov rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb, Trend -a Nərimanov rayon dindarlarının Dini İcmasının nümayəndəsi, vəkil Cavanşir Süleymanov bildirib.
Trend -un arayışı: Bakının Nərimanov rayon məhkəməsi Nərimanov rayon dindarları Dini İcmasının Polis İdarəsinə qarşı qaldırdığı iddia üzrə oktyabrın 27-də Əbu Bəkr məscidinin açılması və fəaliyyətinin bərpası ilə bağlı qərar qəbul edib.
Bundan sonra Nərimanov rayon Polis İdarəsi Əbu Bəkr məscidində təxribatlar törədilməsi barədə məlumatların olmasını əsas gətirərək, məscidin fəaliyyəti ilə bağlı məsələyə yenidən baxılmasını xahiş edib. Bundan sonra məhkəmə yenidən məscidin fəaliyyətinin dayandırılması barədə qərar çıxarıb.
Müraciətdə ərazidə təhlükəsizliyin və ictimai-asayişin qorunması üçün məscidin fəaliyyətinin bərpası barədə qərarın ləğv olunması xahiş olunur.
2008-ci il avqustun 17-də saat 20:50 radələrində Bakı şəhəri, Ülvi Bünyadzadə küçəsində yerləşən Nərimanov rayon dindarlarının Dini İcmasının fəaliyyət göstərdiyi Əbu Bəkr məscidinə naməlum şəxs tərəfindən atılmış əl qumbarasının partlaması nəticəsində iki nəfər hadisə yerində ölüb, 19 nəfərin sağlamlığına müxtəlif dərəcəli zərər yetirilib. Məlum hadisədən sonra məscidin fəaliyyəti müvəqqəti dayandırılmışdı. Bu terror aktının törədilməsində təqsirli bilinən Sumqayıt şəhər sakini Elnur Baxşıyev həbs olunub.
Süleymanov deyib ki, yaxın günlərdə Ali Məhkəməyə kasasiya şikayəti veriləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]