Azərbaycan, Bakı, 25 fevral / Trend , müxbir C.Babayeva /
Xocalı soyqırımının 17-ci ildönümü günü - fevralın 26-da Belçika Azərbaycan Evi (BAE) Brüsselin mərkəzində yerləşən "Place du Schuman" meydanında "Xocalı Çadırı" quracaq.
Çadırda Xocalı soyqırımını əks etdirən foto sərgi və sənədli film nümayiş etdiriləcək, ingilis, fransız və türk dillərində bu soyqırım barədə məlumatı özündə əks etdirən broşurlar və keçən il BAE-nin Xocali soyqırımı ilə əlaqədar nəşr etdirdiyi fransız dilində olan "Əsir Torpaq Qarabağ" adlı kitab paylanacaqdır, çərşənbə günü Trend -a Belçika Azərbaycan Evinin mətbuat xidmətindən məlumat verilib.
Çadırın ətrafında fransız dilində "İşğal edilmiş şəhər Xocalı" (La ville occupée - KHODJALY), "Ədalət hardadır?" (Où est la Justice?), "17 ildir ki, qaçqınlar öz yurdlarına qayıtmaq istəyirlər!" (Ça fait 17 ans que les réfugiés veulent rentrer à leurs villages !), "Cinayətkarlar cəzalandırılmalıdırlar!" (Les coupables doivent être punis et jugés !), "Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal edilmişdir!" (Le Haut - Karabakh est occupé par l'Arménie) kimi şüarlar asılacaq.
Çadırda imza kampaniyası təşkil olunacaq və ziyarətçilərin imzaladığı sənədlərin Brüssel məhkəməsinə çatdırılması üçün artıq vəkil tutulub.
Trend -un arayışı: 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirilib. Əhalinin xeyli hissəsi 4 aydan artıq zaman ərzində mühasirədə olduğundan Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]