Azərbaycan, Bərdə, 25 fevral / Trend , müxbir C.Babayeva / Azərbaycanın transsərhəd - Kür və Araz çaylarının Gürcüstan və Ermənistan tərəfindən çirkləndirilmə səviyyəsi normadan artıqdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin Kür və Araz transsərhəd çaylarının çirklənmə səviyyəsinin öyrənilməsi ilə bağlı fevral ayının ikinci ongünlüyü üçün növbəti monitorinqinin nəticələrinə əsasən, Kür çayının Gürcüstan və Ermənistan ərazilərindən keçən məntəqələrində suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələrinin yol verilən qatılıq həddini dəfələrlə keçməsi qeydə alınıb. Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 2, mis birləşmələri 4, Ağstafaçay məntəqəsində fenol 2, mis birləşmələri 3, Ağstafaçay su anbarında isə fenollar və mis birləşmələri 3 dəfə yol verilən qatılıq həddini keçib.
Gürcüstan və Ermənistan ərazisindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət, heyvandarlıq və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan bir qədər artıq olub.
Aparılan monitorinqin nəticələrinə görə, Ermənistan ilə transsərhəd olan Araz çayında da mis və fenolun miqdarı normadan dəfələrlə artıq müşahidə olunub. Suyun əsas çirkləndiricilərindən olan fenollar Horadiz məntəqəsində 3, I Şahsevən və Bəhramtəpə məntəqələrində 2 dəfə, mis birləşmələri isə Horadiz məntəqəsində 4, Bəhramtəpədə 2, I Şahsevəndə 3 dəfə yol verilən qatılıq həddini keçib.
Trend -un arayışı: Transsərhəd su hövzələri problemlərinin beynəlxalq normalar çərçivəsində, regional səviyyədə həlli üçün Azərbaycan "Transsərhəd çaylar və göllərin mühafizə və istifadəsi" adlı Helsinki Konvensiyasını ratifikasiya edib. Ermənistan və Gürcüstanın bu Konvensiyaya qoşulmaması problemi çətinləşdirir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]