Azərbaycan, Bakı, 04 mart / Trend , müxbir C.Babayeva /
Azərbaycanın gənclər və idman nazirini bədən tərbiyəsi və idman sahəsində kompleks elmi tədqiqatların aparılması işi qane etmir.
"Etiraf etməliyik ki, bu işlər istənilən səviyyədə deyil. İdmanın inkişafına mane olan səbəblərin ən birincisi idman sahəsində çalışan məşqçi və müəllimlərin səviyyəsinin qənaətbəxş olmamasıdır", - çərşənbə günü "Bədən tərbiyyəsi və idmanın aktual problemləri" elmi-praktik konfransında gənclər və idman naziri Azad Rəhimov bildirib.
Martın 5-i Azərbaycanda Bədən tərbiyyəsi və idman günü kimi qeyd edilir.
Nazirin sözlərinə görə, Bədən Tərbiyyəsi və İdman Akademiyasında sonuncu qış imtahan sessiyasının nəticələri qaneedici deyil. "Akademiyada fakültələr üzrə mənimsəmə faizinin xeyli aşağı düşməsi böyük narahatlıq doğurur", - Rəhimov deyib.
Nazir bildirib ki, qızlar və qadınların bədən tərbiyyəsi və idmanla məşğul olması göstəriciləri ürəkacan deyil. "Məşqci-müəllimlər arasında qadınların demək olar ki, olmaması və ya son illər bu sahəyə maraq göstərməməsi ciddi problemlərdir", - nazir deyib.
Rəhimov deyib ki, Azərbaycan idmançıları 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiadasına hazırlaşırlar. "Nazirlikdə növbəti onillik üçün bədən tərbiyyəsi və idmanın inkişafı üzrə Milli Strategiya layihəsi hazırlanıb. Milli Strategiya 2009-2020-ci illəri əhatə edir və 3 mərhələdə həyata keçirilməsi nəzərdə tutulub. Birinci mərhələ London Olimpiadasına hazırlıq dövrünü əhatə edir", - nazir qeyd edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]