...

Almaniyada Avropa Azərbaycanlıları Konqresinin qurultayı keçiriləcək

Cəmiyyət Materials 13 Aprel 2009 10:32 (UTC +04:00)

Azərbaycan, Bаkı, 13 aprel / Trend , müxbir A.Hüseynbala /  

Almaniyada Avropa Azərbaycanlıları Konqresinin III Qurultayı keçiriləcək.

"Aprelin 14-də Frankfurt şəhərində başlayacaq qurultayda konqresin prezidenti Natiq Ağamirovun ötən müddət ərzində Avropada yaşayan soydaşlarımızın təşkilatlanması, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və digər sahələrdə görülmüş işləri barədə hesabat məruzəsi dinləniləcək", - bazar ertəsi Trend -a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Qurultayda 2007-ci ildə hazırlanan və 2008-ci ildə İcraiyyə Komitəsinin iclasında təsdiq edilən "Avropa Azərbaycanlıları Konqresinin 2007-2009-cu illər ərzində" fəaliyyət proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı müzakirələr aparılacaq və Avropadakı Azərbaycan icmalarının fəallığının artırılmasını təmin etmək və AAK-ın fəaliyyətini daha da gücləndirmək məqsədilə müxtəlif təkliflərə baxılacaq. "Konqresə yeni diaspor təşkilatları da üzv qəbul ediləcək. Sonda yekun sənəd olaraq qurultayın qətnaməsi qəbul ediləcək", - məlumatda qeyd edilir.

Avropa Azərbaycanlıları Konqresi 2004-cü il aprelin 17-də Berlində keçirilən toplantıda təsis edilib. Belə bir qurumun yaradılmasında əsas məqsəd Avropa ölkələrində məskunlaşan soydaşlarımızın tarixi vətənləri ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında mənəvi, siyasi birliyin və həmrəyliyin təmin olunması, onların milli, sosial və vətəndaş hüquqlarının müdafiəsi, mill-mənəvi dəyərlərin birgə qorunması və Azərbaycan icma və birliklərinin regionda fəaliyyətlərinin əlaqələndirilməsi olub.

Avropa Azərbaycanlıları Konqresinin 2007-ci il martın 10-da Bakıda keçirilən II Qurultayında isə Azərbaycan dövlətinin diaspor quruculuğu işinə göstərdiyi diqqət və qayğıya əsaslanaraq yeni mərhələdə təşkilatın qarşısında duran əsas vəzifələri müəyyən edilib və təşkilatın həyatında yeni mərhələnin əsası qoyulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti