...

Bakıda qanunsuz tikildiyi iddia olunan məscidi sökürlər

Cəmiyyət Materials 26 Aprel 2009 22:57 (UTC +04:00)
Bakıda qanunsuz tikildiyi iddia olunan məscidi sökürlər

Azərbaycan, Bakı, 26 aprel / Trend , müxbir K.Zərbalıyeva / Bakıda qanunsuz tikildiyi iddia olunan Məhəmməd Peyğəmbər məscidini bu gün axşam saat 20.00-21.00 radələrində sökməyə başlayıblar.

Yasamal rayon Dini İcmasının nümayəndəsi, vəkil Muxtar Mustafayev bazar günü Trend -a bildirib ki, məscidin binası Bakı şəhər icra hakimiyyətinin əməkdaşları tərəfindən sökülür.

Trend -un arayışı: Yasamal rayon məhkəməsi ötən il noyabrın 28-də Yasamal rayon  İcra Hakimiyyətinin iddiası əsasında, Murtuza Muxtarov  küçəsi, 190 ünvanında yerləşən  Məhəmməd Peyğəmbər məscidinin sökülməsi barədə qətnamə çıxarıb.

Məhkəmə qətnaməsi onunla əsaslandırılıb ki, qeyd edilən ünvanda "təyinatı məlum olmayan qeyri-yaşayış sahəsi" tikilib.

Məscid nümayəndələri Bakının Yasamal rayon məhkəməsinin qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinə şikayət veriblər.

Şikayətdə qətnamənin tamamilə əsassız və qanunsuz olması səbəbindən ləğv edilməsi, iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılması xahiş olunur.

Vəkil bildirib ki, məscidin sökülməsinə başlanmazdan əvvəl dini icmanın rəhbəri Mirvaleh Mövsümov Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Vəkil Mövsümovla görüşmək üçün polis idarəsinə müraciət etsə də, ona görüşə icazə verilmədiyini bildirib.

Mustafayevin sözlərinə görə, Mövsümov Yasamal RPİ-nin 27-ci polis bölməsinə aparılıb.

Vəkil dini icmanın rəhbərinin həbs olunma səbəbinin ona məlum olmadığını və bu barədə heç bir rəsmi qurumdan məlumat ala bilmədiyini deyib. Mustafayev Mövsümovla bərabər onun 14 yaşlı oğlunun da saxlanıldığını bildirib.

Vəkil hüquqlarını müdafiə etdiyi şəxslə görüşə icazə verilməsi ilə bağlı baş prokurora teleqram vurduğunu deyib.

Mustafayev məkəmə qərarı qüvvəyə minmədən məscidin sökülməsinə başlanmasını qanunsuz sayır.

Vəkil məscidin yerləşdiyi əraziyə gedən yolların bağlı olması və əraziyə kənar şəxslərin buraxılmaması səbəbində orada olmadığını bildirib.

Məsələ ilə bağlı rəsmi qurumlardan məlumat almaq mümkün olmayıb.

Trend -un arayışı: Qafqaz Müsəlmanları İdarəsi (QMİ) qanunsuz tikildiyi iddia olunan Məhəmməd Peyğəmbər məscidinin sökülməsi ilə razı deyil.

Məscidin nümayəndələri Avropa Şurasının Baş katibi Terri Devisə müraciət edərək, Peyğəmbər Məscidinin sökülməməsinə yardımçı olmasını xahiş ediblər.

Devis onların məktubuna cavab olaraq bildirib ki, məscidin sökülməsi ilə bağlı mübahisənin ölkə qanunvericiliyi çərçivəsində həllinə tərəfdardır və bu məsələ onun təmsil etdiyi qurumun səlahiyyətində deyil.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti