Azərbaycan, Bakı, 22 may / Trend , müxbir K.Zərbalıyeva /
Avropa Məhkəməsinin Azərbaycana qarşı çıxardığı 16 qərarın böyük əksəriyyəti birləşmək azadlığının pozulması ilə bağlıdır, Azərbaycanın Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov cümə günü "İnsan hüquqları üzrə Avropa Məhkəməsinin president hüququnun Azərbaycan Məhkəmə təcrübəsində tətbiqi" mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.
Əsgərov deyib ki, şikayətlərin əksəriyyəti QHT-lərin qeydiyyatı zamanı yaranan problemlərlə bağlıdır. Bu problemlər 2004-cü ilədək qüvvədə olunan qanunvericilikdə olan problemlərlə əlaqədar yaranırdı.
Yeni qanunvericiliyin qəbulundan sonra bu problem həll olunub. Həmin şikayətlər də köhnə qanunvericilik qüvvədə olan zaman verilib.
Qərarların digərləri Konvensiyanın 3-cü - pis rəftar və işgəncələrin qadağan olunması və 6-cı - ədalətli məhkəmə araşdırması hüququnun pozuntuları ilə bağlıdır.
Əsgərovun sözlərinə görə, Avropa Məhkəməsi Azərbaycandan göndərilən şikayətləri araşdırarkən məlum olur ki, məhkəmələr 3-cü maddənin pozuntusu ilə bağlı araşdırma aparmayıb və yerli məhkəmələr bu pozuntuya diqqətlə yanaşmayıb.
"Bir çox işlərdə məhkəmələr məhkəmə baxışında sübutları araşdırmır, şahidləri dindirmirlər", - səlahiyyətli nümayəndə əlavə edib.
Əsgərov bildirib ki, son vaxtlar Avropa Məhkəməsinə göndərilən şikayətlərin əksəriyyəti məhkəmə qərarlarının icra olunmaması ilə bağlıdır: "Məhkəmələr bəzən öz vəzifələrinin icrasına ciddi yanaşmır. Xüsusən də borcun qaytarılması ilə bağlı olan məhkəmə qətnamələrinin icrası zamanı problemlər yaranır".
Əsgərov qeyd edib ki, Azərbaycandan il ərzində orta hesabla Avropa Məhkəməsinə 500 şikayət göndərilir. Bu rəqəm artmır. Bu isə onu göstərir ki, Azərbaycanda ədalət mühakiməsinin səmərəliliyi artır.
Səlahiyyətli nümayəndə bildirib ki, hazırda Avropa Məhkəməsi ilə 127 şikayət üzrə komunikasiya aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]