Azərbaycan, Bakı, 25 may / Trend , müxbir A.Hüseynbala /
Tehran Universitetinin azəri dilli tələbələri ötən gün (mayın 24-də) universitetin qarşısında etiraz mitinqi keçiriblər. Mitinqdə İranın eks-prezidenti Məhəmməd Xatəminin Azərbaycan xalqından üzr istəməsi tələb olunub. Trend -un məlumatına görə, bu barədə İRNA xəbər agentliyi məlumat yayıb.
Məlumata əsasən, son günlərdə yayılmış video çarxda Xatəminin azəri dilli xalq üçün lətifələr danışaraq onları təhqir etdiyi nümayiş olunur. Tehran Universitetinin azəri dilli tələbələri mitinqdə "Nə vaxta qədər təhqir?", "Xatəmi, Xatəmi , utan utan" , "Azadlıq, demokratiya və hamı üçün bərabər hüquq" və "Haray, haray mən türkəm" məzmunlu lövhələr daşıyıblar.
Etirazçılar mitinqin sonunda qətnamə qəbul ediblər. Qətnamədə bildirilir ki, İranın eks-prezidenti Xatəmi mədəniyyətlərarası dialoqdan danışmaq əvəzinə, televiziya vasitəsi ilə Azərbaycan xalqından rəsmi şəkildə üzr istəməlidir.
Qətnamədə bildirilir, biz İran parlamenti və məhkəmə orqanlarından tələb edirik ki, insan haqları qanunlarını rəhbər tutaraq digər xalqları təhqir edən şəxslərə qarşı sərt qanunlar qəbul etsinlər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]