...

Heydər Əliyev Fondu səhiyyə sahəsində növbəti humanitar aksiya həyata keçirib

Cəmiyyət Materials 8 İyun 2009 13:35 (UTC +04:00)
Heydər Əliyev Fondu səhiyyə sahəsində növbəti humanitar aksiya həyata keçirib

Azərbaycan, Bakı, 08 iyun / Trend , müx. C.Babayeva /

Heydər Əliyev Fondu səhiyyə sahəsində növbəti humanitar aksiya həyata keçirərək, Fransanın ən güclü farmasevtik qrupu hesab edilən "Servyer" şirkəti ilə birgə 100 diabetli insanın bir illik müalicəsini təmin edib. Bu gün 1200 qutu "Diabeton MR" preparatı şəhid, qaçqın, məcburi köçkün və aztəminatlı ailələrdən olan vətəndaşlara təqdim olunub, Trend -a bazar ertəsi Fonddan bildiriblər.

2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən "Servyer" şirkəti artıq ikinci dəfədir ki, Heydər Əliyev Fondu ilə birgə ikinci tip diabetli insanların müalicəsini təmin edən layihə gerçəkləşdirir.

Diabetli insanlara qayğı Heydər Əliyev Fondunun səhiyyə sahəsində önəm verdiyi istiqamətlərdən biridir. Fond 2004-cü ildən "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsini ardıcıl həyata keçirir. Ölkədə qeydiyyatda olan 14 yaşınadək uşaqlar mütəmadi olaraq insulin və şpris-qələmlə təmin olunurlar.

Davamlı layihələrlə bərabər, Heydər Əliyev Fondu xəstəxana və poliklinikaların, digər tibbi müəssisələrinin yenidən qurulmasında, müasir tibb avadanlığı ilə təmin olunmasında fəal iştirak edir. Cari ildə Fondun dəstəyi ilə uşaqlar üçün istifadəyə verilmiş qastroenteroloji sanatoriya, psixo-nevroloji mərkəzlə yanaşı, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzinin inşası başa çatmaqdadır. Fond tibb ocaqlarının ən müasir avadanlıqla təminatında iştirak edir. Beynəlxalq əməkdaşlıq çərçivəsində dünyanın tanınmış şirkətləri tərəfindən Fonda təqdim edilmiş hemodializ və endoskopik aparatlar hazırda müvafiq tibb müəssisələrində uğurla tətbiq olunur.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti