...

Azərbaycanda on ildən çox silahlı basqınlar törətməkdə ittiham olunan daxili işlər orqanlarında məsul vəzifələrdə çalışmış şəxslərin məhkəməsi başlayıb

Cəmiyyət Materials 25 İyun 2009 13:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun  / Trend , müxbir H.Bağırov /  

Azərbaycanda Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə cümə axşamı hakim Əlövsət Abbasovun sədrliyi ilə məhkəmə prosesi başlayıb.

Trend -un məlumatına görə, prosesdə dövlət ittihamçısı Çingiz Şükürlü ittiham aktını oxuyub. Dövlət təmsilçisinin çıxışından sonra söz Yasamal Rayon Polis İdarəsinin Banditizm və terrorizmə qarşı mübarizə şöbəsinin sabiq rəisi, bundan əlavə daxili işlər orqanlarında bir sıra yüksək vəzifələrdə çalışmış Mehdi Əmirəliyev ifadə verib. O, ittiham üzrə özünü qismən təqsirli bilib.

Digər təqsirləndirilən şəxslər də ifadə veriblər. Altı polis əməkdaşı özlərini qismən təqsirli biliblər.

Məhkəmə prosesi iyulun 9-da davam etdirləcək.   

Trend -un arayışı:  Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının ötən il sentyabrın 26-da keçirdiyi əməliyyat tədbirləri nəticəsində Yasamal Rayon Polis İdarəsində Banditizm və terrorizmə qarşı mübarizə şöbəsində məsul vəzifələrdə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinin rəisi vəifəsində işləmiş Mehdi Əmirəliyev həbs edilib. Onunla bərabər əvvəllər daxili işlər orqanlarında yüksək vəzifə sahibi olmuş daha iki nəfər - İrac Nəsrullayev və Ceyhun Qarayev, Nərimanov Rayon Polis İdarəsinin sabiq əməliyyatçısı Ramiz Musayev, polis əməkdaşları İsmayıl Feyziyev və Sirac adlı şəxslər də həbs edilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin quldurluq (181.2.1, 181.2.3, 181.2.4, 181.3.2, 181.2.5) və qəsdən adamöldürməyə cəhd (29,120.2.2, 29,120.2.4, 29,120.2.6, 29,120.2.9, 29,120.2.11) madddələri ilə ittiham olunurlar.

Polis dəstəsi 1998-2008-ci illər ərzində Bakı şəhərində fəaliyyət göstərən ayrı-ayrı valyutadəyişmə məntəqələrinə hücum edərək, orada işləyən şəxslərə qarşı odlu silahla hədə-qorxu gəlməklə külli miqdarda gəlir əldə etmək məqsədilə çoxlu sayda quldurluq cinayəti törədiblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti