...

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu internet saytı vasitəsilə əhalinin suallarını cavablandırır

Cəmiyyət Materials 1 İyul 2009 11:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 iyul / Trend , müxbir C.Babayeva /   

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu (DSMF) özünün internet saytı (www.sspf.gov.az) vasitəsilə əhalini maraqlandıran sualları cavablandırmaqda davam edir.

"Bu ilin ilk altı ayı ərzində saytın "Sual-cavab" altqrupuna vətəndaşlar tərəfindən sığorta-pensiya sisteminə dair 742 elektron sual ünvanlanıb. Elektron poçt vasitəsilə göndərilən suallarda toxunulan məsələlər ümumilikdə maarifləndirici xarakter daşıyıb. Göndərilən hər bir sual Fondun müvafiq şöbələri tərəfindən cavablandırılıb və həmin cavablar saytın "Sual-cavab" altqrupundakı müvafiq bölmələrdə yerləşdirilib", -çərşənbə günü Trend -a DSMF-in mətbuat xidmətinin rəhbəri Elman Babayev məlumat verib.   

Cari ilin ilk yarısında sayta göndərilən sualların böyük əksəriyyəti əmək pensiyaları ilə bağlı olub - 254. 188 sual isə sosial sığorta haqları ilə əlaqədar məsələləri əhatə edib. Bundan başqa, "Sual-cavab" altqrupunun "fərdi uçot" bölməsinə 48 sual, "hərbi qulluqçulara dair pensiya və müavinətlər" bölməsinə isə 18 sual daxil olub.

Sualların 221-i isə altqrupun "digər" bölməsinə ünvanlanıb. Həmin sualların müəyyən hissəsi DSMF-nin səlahiyyətlərinə aid olmayan məsələləri əhatə edib və bununla bağlı vətəndaşlara müvafiq cavablar göndərilib. Saytın "qonaq" bölməsinə isə 13 elektron məktub daxil olub.

DSMF-nin saytında əhalinin maarifləndirilməsi məqsədi ilə "Sual-cavab" altqrupu yerləşdirilib. Altqrupda vətəndaşların öz suallarını çətinlik çəkmədən elektron formada göndərməsi üçün 5 (əmək pensiyaları və müavinətlər, fərdi uçot, sosial sığorta haqları, hərbi qulluqçulara dair pensiya və müavinətlər, digər) bölmə yaradılıb. Eyni zamanda, hər bir bölmədə tez-tez verilən suallara ətraflı cavablar yerləşdirilib.

Vətəndaşların suallarının cavablandırılması həm də Fondun "190" nömrəli mərkəzi çağrı sistemi vasitəsilə də həyata keçirilir.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti