...

Azərbaycan Parlamentinin komitə sədri dil qurultayının keçirilməsinə ehtiyac olduğunu düşünür

Cəmiyyət Materials 28 İyul 2009 14:47 (UTC +04:00)
Dil Şurası yaradılıbsa, bunun mütləq fəaliyyəti olmalıdır. Həmin Şuranın fəaliyyətini tənzimləmək üçün ən başlıca şərt dil qurultayının keçirilməsidir”, - çərşənbə axşamı Trend News-a Milli Məclisin Mədəniyyət məsələləri komitəsinin sədri Nizami Cəfərov bildirib.

Azərbaycan, Bakı, 28 iyul  / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan Parlamentinin komitə sədri dil qurultayının keçirilməsinə ehtiyac olduğunu düşünür.

"Dil Şurası yaradılıbsa, bunun mütləq fəaliyyəti olmalıdır. Həmin Şuranın fəaliyyətini tənzimləmək üçün ən başlıca şərt dil qurultayının keçirilməsidir", - çərşənbə axşamı Trend -a Milli Məclisin Mədəniyyət məsələləri komitəsinin sədri Nizami Cəfərov bildirib.

Trend -un arayışı: 2001-ci il avqustun 1-dən Azərbaycanda kiril qrafikasından latın qrafikasına keçilib. Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2001-ci il avqustun 9-da "Azərbaycan əlifbası və Azərbaycan dili günü"nün təsis edilməsi haqqında fərman verib. Fərmana əsasən, Azərbaycanda kiril qrafikasından latın qrafikasına keçilib. Artıq o vaxtdan başlayaraq avqustun 1-i "Azərbaycan əlifbası və Azərbaycan dili günü" kimi qeyd edilir.

Cəfərovun sözlərinə görə, dil qurultayının ən böyük əhəmiyyəti dilçilik elmi ilə bağlı müəyyən məruzələrin dinlənilməsi olardı. "Düzdür, bu məsələlər Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstititunda vaxtaşırı müzakirə olunur. Amma bununla yanaşı dilimizin, dilimizi öyrənən dilçilik elminin, xüsusilə mətbuat dilimizin hansı problemləri olduğunu geniş ictimaiyyət üçün müəyyənləşdirmək lazımdır", - millət vəkili əlavə edib.

Komitə sədrinin fikrincə, kütləvi informasiya vasitələrinin dili qurultayda geniş müzakirə olunmalıdır: "Bu mənada dil qurultayına həqiqətən böyük ehtiyac var", - Cəfərov qeyd edib.

Millət vəkili deyib ki, Azərbaycan dilinin dövlət dili kimi inkişafı ilə bağlı prezident fərmanı, xeyli qanunvericilik aktları və sərəncamlar var. "Azərbaycan dili son 15 ildə sözün həqiqi mənasında dövlət dilinə çevrilib. Heç vaxt azərbaycanca danışmayan yüksək vəzifəli məmurlarımız artıq bu dildə danışırlar. Bütün bunlara baxmayaraq müəyyən problemlər yenə qalır, amma başlanğıcı kifayət qədər effektli hesab etmək olar", - komitə sədri vurğulayıb.

Cəfərovun sözlərinə görə, əsas problemlərdən biri də universitetlər üçün dərsliklərin yazılması ilə bağlıdır. "Texniki elmlər sahəsində Azərbaycan dilində olan dərsliklər istənilən səviyyədə deyil. Dilimizin ən çox inkişafı publisistika sahəsindədir. Bu prosesə demək olar ki, bütün cəmiyyət qoşulub", - komitə sədri deyib.

Millət vəkilinin fikrincə, dil və nitq mədəniyətinin qorunması ilə də bağlı müəyyən problemlər ortaya çıxır. "Buna isə daha çox mətbuatın kütləviliyi təsir göstərir. Düşünürəm ki, bir müddət sonra cəmiyyətin ədəbi dil səviyyəsi yüksələcək", - Cəfərov bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti