...

Azərbaycan məhkəməsi Dövlət Sərhəd Xidmətinin bir qrup əməkdaşına 74 il cəza verib

Cəmiyyət Materials 12 Oktyabr 2009 17:10 (UTC +04:00)
Azərbaycan məhkəməsi Dövlət Sərhəd Xidmətinin bir qrup əməkdaşına hökm oxuyub.
Azərbaycan məhkəməsi Dövlət Sərhəd Xidmətinin bir qrup əməkdaşına 74 il cəza verib

Azərbaycan, Bakı, 12 oktyabr / Trend , müxbir H.Bağırov/

Azərbaycan məhkəməsi Dövlət Sərhəd Xidmətinin bir qrup əməkdaşına hökm oxuyub.

Trend -un məlumatına görə, bazar ertəsi Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Azərbaycan Dövlət Sərhəd Xidmətinin Yardımlı rayonundakı hərbi qulluqçularının məhkəməsi başa çatıb.

Məhkəmənin hökmü ilə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitə gətirmək istənəyən İran vətəndaşlarına köməklik göstərən Şəhriyar Xəlilova 11 il, Nahid Cəbrayılova 11 il, Tehran Əliyevə 11 il, Xalid Tofiqzadəyə 11 il, Ruslan Aydınlıya 10 il 6 ay, Cavanşir Bayramova 10 il 6 ay, Səyavuş Bədəlova 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib.

Adıçəkilən şəxslər DSX-nin Yardımlı rayonu ərazisində yerləşən ərazidə İran Azərbaycan dövlət sərhədinin mühafizəsini həyata keçirərkən, tamah məqsədilə İran İslam Respublikasının vətəndaşları ilə müntəzəm olaraq əlaqəyə giriblər. Onlar Fərrux Əhmədinin və Mahmud Əhmədinin İrandan Azərbaycana küllü miqdarda narkotik vasitəni keçirmələrinə şərait yaradaraq, onlardan rüşvət alıblar. Onlar 2008-ci ilin yanvar-avqust ayları ərzində İran vətəndaşlarının Azərbaycan ərizisinə narkotik vasitələri keçirmələrini təşkil ediblər və bunun da müqabilində 1000-1500 ABŞ dolları dəyərində rüşvət alıblar.

2008-ci ilin avqustun 29-dan 30-na keçən gecə Dövlət Sərhəd Xidməti və Milli Təhlükəsizlik Nzirliyi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində təqsirləndirilən şəxslər tutulub.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə (341.2.1, 341.2.3), sərhəd xidməti qaydalarını pozma (339.2), təkrar və küllü miqdarda narkotik vasitələri əldə etmə və satmaqda iştirak etmə (32.5,234.4.2, 32.5,234.4.3), qaçaqmalçılıq (206.3.1, 206,3.2), qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar rüşvət alma (311.3.1, 311.3.2) maddələri ilə ittiham olunublar.

İran vətəndaşları Fərrux Əhmədi və Mahmud Əhmədinin cinayət işinin istintaqı ayrıca icraatda aparılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti