İran, Tehran, 24 oktyabr / Trend , müxbir T.Cəfərov/
İran Parlamentinin müxalifət fraksiyasının rəhbəri konstitusiyada milli və dini azlıqlarla bağlı ədalətli maddələrin mövcud olduğunu bildirib.
"İranda milli və dini azlıqlarla bağlı problemlərin olmadığını deyə bilmərəm, lakin hazırda bu problemlər çox azdır", - fraksiya rəhbəri Məhəmməd Rza Tabeş Trend -a bildirib.
Onun sözlərinə görə, ölkədə hazırda problemlərin həlli istiqamətində işlər aparılır. "Biz görülməkdə olan işlər haqqında deyil, ölkə qanunvericiliyində dini və milli azlıqların hüquqları ilə bağlı olan potensial barədə danışmalıyıq", - Tabeş deyib.
Tabeş Tehranda keçirilən Beynəlxalq mətbuat sərgisində Trend -u təmsil edən müxbirimizə bildirib ki, ölkə konstitusiyası dini və milli azlıqların hüquqlarının qorunması üçün böyük potensiala malikdir və onların hüquqları qorunur.
Onun sözlərinə görə, icraçılar da hazırda dini və milli azlıqların hüquqlarının qorunmasının yaxşılaşdırılması məqsədi ilə işlər görməkdədirlər. "Son vaxtlar dini azlıqların müsəlmanlarla bərabər miqdarda diyə (qan pulu) verməsi ilə bağlı qanunun qəbul olması bunu göstərir", - deyə Tabeş bildirib.
Fraksiya rəhbəri əlavə edib ki, ola bilsin ki, hazırda bəzi sıxıntılar var, lakin bu sıxıntılar hazırkı rəhbərliklə bağlı deyil. "İran konstitusiyasında dini və milli azlıqların hüquqları yüksək səviyyədə qorunur. İranda dini və milli azlıqlara münasibət ədalətlidir", - Tabeş deyib.
O, konstitusiyada dini və milli azlıqlar üçün nəzərdə tutulmuş maddələrin icrasının günbəgün artacağına ümid etdiyini bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]