Azərbaycan, Bakı, 28 oktyabr / Trend , muxbir K.Zərbalıyeva/
Azərbaycanın Sumqayıt şəhərində 181800 kvadratmetr sahədə 20200 ədəd müxtəlif növ ağac əkilməsi planlaşdırılır.
Şəhər İcra Hakimiyyətindən çərşənbə günü Trend -a daxil olan məlumatda bildirilir ki, çərşənbə axşamı şəhər İcra Hakimiyyətdə keçirilən müşavirədə şəhər ərazisində yeni yaşıllıqların salınması və ağacların əkilməsi istiqamətində həyata keçirilən işlərlə bağlı müzakirə aparılıb. Müşavirədə şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev, şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat İstismar Birliyinin rəhbərliyi, Mənzil İstismar Sahələrinin rəisləri iştirak ediblər.
Azərbaycan Prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında mövcud yaşıllıqların qorunması, inventarlaşdırılması və yeni yaşıllıqların salınması ilə bağlı verilmiş tapşırığın icrasını təmin etmək məqsədilə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında İşçi Qrup yaradılıb.
İşçı Qrup tərəfindən bu günə kimi şəhər ərazisində 8905 ədəd ağac əkilib.
Şəhər İcra Hakimiyyətinin başçısı Əliyev bu sahədə görülən işlərin gücləndirilməsi məqsədilə tapşırıq və tövsiyələrini verib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]