...

Azərbaycanın Mətbuat Şurası qəzetlərlə bağlı verilən şikayətlərə baxıb

Cəmiyyət Materials 16 Noyabr 2009 18:48 (UTC +04:00)
Noyabrın 13-də Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə komissiyasının növbəti iclası keçirilib. Bu barədə Trend News-a Mətbuat Şurasından daxil olan məlumatda bildirilir.
Azərbaycanın Mətbuat Şurası qəzetlərlə bağlı verilən şikayətlərə baxıb

Azərbaycan, Bakı, 16 noyabr / Trend /

Noyabrın 13-də Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə komissiyasının növbəti iclası keçirilib. Bu barədə Trend -a Mətbuat Şurasından daxil olan məlumatda bildirilir.

Şura sədrinin müavini Umud Rəhimoğlu komissiya üzvlərinə gündəlikdə duran məsələlər barədə məlumat verib.

İlk növbədə, millət vəkili Nazim Məmmədovun "Yeni Müsavat" qəzeti ilə bağlı müraciətinə baxılıb. Komissiya rəyə gəlib ki, qəzetin şikayət doğuran materiallarında "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın bir sıra prinsip və bəndləri pozulub. Komissiya nəşrə bu kimi mövzuların təqdimatı zamanı ifadə seçiminə həssas yanaşmağı tövsiyə edib, həmçinin "Yeni Müsavat"ın təkzib verməsini vacib sayıb.

İclasda "Gündəlik Bakı" qəzeti ilə bağlı iki şikayətə baxmaq nəzərdə tutulsa da, bir şikayətçi tərəfin - Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsi təmsilçisinin müzakirəyə qatılmaması səbəbindən bu baş tutmayıb. Mövcud prosedur qaydaya əməl olunmadığından məsələ gündəlikdən çıxarılıb. Şikayətlər üzrə komissiya eyni səbəbdən "Bank Respublika" ASC-nin "Hakimiyyət" qəzetinə qarşı şikayətinə də baxmayıb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Gündəlik Bakı" qəzeti ilə bağlı müraciəti tərəflər arasında anlaşma əldə olunması ilə yekunlaşıb. Komissiya bunu nəzərə almaqla yanaşı, nəşrdə nazirlik barəsində gedən yazılarda etik prinsiplərin dəfələrlə pozulduğunu qəzet rəhbərliyinin diqqətinə çatdırıb.

Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqları Respublika Komitəsinin "Təzadlar" qəzeti ilə bağlı şikayətinin müzakirəsi zamanı nəşrin baş redaktoru Asif Mərzili, "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən, materialı hazırlayan Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin cavabdehlik daşıdığını bildirib. Lakin qeyd olunub ki, bu, yazının sonunda göstərilmədiyindən iddia əsassızdır. Komissiya rəyə gəlib ki, "Təzadlar" qəzeti narazılıq doğuran yazıya görə məsuliyyəti istinad mənbəyini göstərdiyi halda daşımaya bilərdi. Mövcud vəziyyətdə isə material etik prinsiplərə sayğısızlıqla təqdim olunub. Baş redaktor Mərzili məsələ ilə bağlı təkzib verməyə hazır olduğunu deyib.

Növbəti məsələnin müzakirəsində "Qaynar xəbər" qəzetinin təmsilçisi Bakı şəhər 7 saylı uşaq poliklinikası barədə bu nəşrdə gedən yanlış məlumatlara görə qarşı tərəfdən üzr istəyib və təkzib verməyə hazır olduğunu bildirib. Komissiya məsələnin həlli üçün bunu yetərli sayıb.

Naftalan şəhərinin bir qrup sakininin "Xoca Nəsrəddin" jurnalında gedən nümunələrdə milli, etnik zəmində təhqirlərə, ayrıseçkiliyə yol verilməsi və bu zaman jarqon ifadələrin işlədilməsi ilə əlaqədar müraciəti də komissiyanın müvafiq rəyinin qəbulu ilə nəticələnib. Jurnal barədə yekun qərarın Şuranın İdarə Heyəti tərəfindən verilməsi məqsədəuyğun sayılıb.

Ceyranbatan qəsəbə sakinlərinin "Güzgü" qəzeti ilə bağlı şikayəti müzakirə edilərkən məsələnin daha ətraflı araşdırılmasına ehtiyac duyulduğu vurğulanıb və konkret tədbirlərin müəyyənləşdirilməsi üçün İdarə Heyətinin üzvü Vüqar Rəhimzadənin rəhbərliyi ilə qrup yaradılıb.

Xəbər lenti

Xəbər lenti