...

Ermənilər sərhəddi Gürcüstanın ərazisinə doğru irəli çəkirlər – Ombudsmanın Kvemo Kartli bölgəsi üzrə nümayəndəsi (MÜSAHİBƏ)

Cəmiyyət Materials 19 Noyabr 2009 11:13 (UTC +04:00)
Nümayəndəlik keçən ilin dekabrında formalaşsa da, fəaliyyətə bu ilin fevralında başlayıb. Fəaliyyət göstərdiyimiz təxminən bir il ərzində azərbaycanlılardan 600-ya yaxın şikayət daxil olub. Şikayətlər təqaüdlərin verilməsi, torpaq, polis özbaşınalığı ilə bağlı problemləri əhatə edib. Şikayətlərin əksəriyyəti Sadaxlı kəndində ermənilərin özbaşınalığı ilə bağlı olub.
Ermənilər sərhəddi Gürcüstanın ərazisinə doğru irəli çəkirlər – Ombudsmanın Kvemo Kartli bölgəsi üzrə nümayəndəsi (MÜSAHİBƏ)

Trend-i buradan izləyin

Gürcüstan, Tbilisi, 18 noyabq / Trend , müxbir C.Babayeva/

Trend -un Gürcüstanın insan haqları üzrə müvəkkilinin (Ombudsman) Kvemo Kartli bölgəsi üzrə nümayəndəsi Elbrus Məmmədovla müsahibəsi

- Gürcüstanın Ombudsman Aparatının Kvemo Kartli bölgəsindəki nümayəndəliyi fəaliyyətə başladığı vaxtdan azərbaycanlılardan nə qədər şikayət daxil olub və onlar əsasən hansı problemlərlə bağlı olub?

- Nümayəndəlik keçən ilin dekabrında formalaşsa da, fəaliyyətə bu ilin fevralında başlayıb. Fəaliyyət göstərdiyimiz təxminən bir il ərzində azərbaycanlılardan 600-ya yaxın şikayət daxil olub. Şikayətlər təqaüdlərin verilməsi, torpaq, polis özbaşınalığı ilə bağlı problemləri əhatə edib. Şikayətlərin əksəriyyəti Sadaxlı kəndində ermənilərin özbaşınalığı ilə bağlı olub. Bu kənddə ermənilər azərbaycanlıları qanunsuz olaraq həbs edir, onlara məxsus mal-qaranı mənimsəyirlər. Ermənilər bildirirlər ki, həmin torpaqlar onlara məxsusdur. Bu ərazidə Gürcüstan və Ermənistan arasında sərhəd delimitasiya olunmayıb. Ermənilər bundan istifadə edərək özləri üçün sərhəd müəyyən edirlər və azərbaycanlıların yaşadıqları torpaqların hesabına sərhəddi Gürcüstanın daxilinə doğru irəli çəkirlər. Təzəkənd və Burma kəndlərində ermənilər hətta avtomatla azərbaycanlıların evlərinə daxil olaraq onları hədələyiblər. Yerli sakinlərin sözlərinə görə, ermənilər onları "bura bizim torpaqlardır, rədd olun!" sözləri ilə hədə-qorxu gəliblər. Ermənilərin bu cür özbaşınalıqları ilə bağlı 10-15 fakt var. Bu faktlarla bağlı şikayətlər Gürcüstan hökumətinə, Ombudsman Aparatına, polisə təqdim olunub. Nümayəndəliyimiz ermənilərin özbaşınalıqları ilə bağlı şikayətləri araşdırıb. Bizə rəsmən bildirilib ki, həmin ərazidə - Sadaxlı kəndi yaxınlığında Gürcüstan və Ermənistan arasında sərhəd delimitasiya olunmayıb. Onda belə bir sual yaranır: Əgər sərhəd müəyyən edilməyibsə, ermənilər sərhəd zonasında - Gürcüstan ərazisində hərbi bazanı necə tikiblər?

- Gürcüstan azərbaycanlılarının hüquqi maarifləndirilməsi istiqamətində nümayəndəlik hansı işlər görür?

- Gürcüstan azərbaycanlılarının hüquqi maarifləndirilməsi demək olar ki, sıfır dərəcəsindədir. Hazırda bir neçə qeyri-hökumət təşkilatı və Gürcüstan Azərbaycanlıları Konqresi azərbaycanlıların hüquqi maarifləndirilməsi ilə məşğul olur. Azərbaycan dilində bukletlər hazırlanıb azərbaycanlılar arasında pulsuz paylanılıb. Azərbaycanlıların hamısını hüquqi maarifləndirməyə imkanımız yoxdur. Yaxın günlərdə nümayəndəliyimizin nəzdində hüquqi klinika fəaliyyətə başlayacaq. Bu klinikada 5-6 hüquqşünas azərbaycanlılara pulsuz hüquqi yardım göstərəcək.

- Gürcüstan azərbaycanlılarının dövlət dilini bilməmələri və bu səbəbə görə də dövlət strukturlarda işlə təmin olunmamalaı ilə bağlı fikirlər səsləndirilir. Bu fikrilərlə razısınızmı? Gürcüstanın azərbaycandilli məktəblərində dövlət dilinin tədrisi səviyyəsi necədir?

- Azərbaycanlıların məskunlaşdığı Kvemo Kartli və ermənilərin məskunlaşdığı Samtsxe Cavaxetiya bölgələrini müqayisə etsək, məlum olar ki, Samtsxe Cavaxetiyada prokuror, hakim və notariusdan tutmuş polis idarələrinə qədər dövlət strukturlarında səlahiyyətli vəzifələrdə gürcü dilini bilməyən ermənilər təmsil olunurlar. Son iki-üç ilə qədər bu bölgədə məhkəmə qərarları rus dilində nəşr olunurdu. Ermənilərin məskunlaşdığı regionda bu cür güzəştlər varsa, onda niyə belə güzəştlər azərbaycanlıların məskunlaşdığı Kvemo Kartliyə tətbiq olunmur? Digər tərəfdən, Gürcüstan Parlamentində təmsil olunan azərbaycanlı deputatlar gürcü dilini bilmirlər. Deputatlara bu cür güzəşt edilirsə, o zaman niyə bu, digər dövlət məmurlarına şamil olunmur? Gürcüstan azərbaycanlıları arasında dövlət dilini yaxşı səviyyədə bilən kifayət qədər azərbaycanlı var. Kutaisidə Zurab Jvaniya adına Dövlət Məmurlarının İnzibati Məktəbini dövlət hesabına bitirən 30 azərbaycanlının yalnız üçü-dördü işlə təmin olunub. Kvemo Kartli bölgəsində dövlət strukturlarında milli azlıqların təmsilçiliyi ilə bağlı hesabatımıza əsasən, qubernator aparatında yalnız bir-iki azərbaycanlı təmsil olunur. Onların da heç bir səlahiyyəti yoxdur. Məsləhətçi olsalar da, artıq 30-40 ildir ki, onların məsləhətlərinə heç bir fikir verilmir. Azərbaycandilli məktəblərdə gürcü dilinin tədrisi səviyyəsinə gəlincə, son dövrlərdə səviyyənin artırılmasına başlanılıb. Lakin bunun nəticəsini 10-20 ildən sonra görmək olacaq. Bu vaxta qədər mövcud olacaq boşluq gələcəkdə daha ciddi fəsadlara səbəb olacaq. Hazırda Azərbaycandilli məktəblərdə gürcü dili müəllimləri dövlət dilinin tədrisinə maraq göstərmirlər.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]





Xəbər lenti

Xəbər lenti