Azərbaycan, Bakı, 22 yanvar / Trend , müxbir E.Tariverdiyeva/
Azərbaycan və Rusiyaya vətəndaş cəmiyyətləri arasında münasibətlərin inkişaf etdirilməsi lazımdır. Rusiyanın mədəniyyət naziri Aleksandr Avdeyev belə hesab edir.
Onun sözlərinə görə, vətəndaş cəmiyyətinin ziyalı qismində güclü tərkibi var. "Təcrübə mübadiləsi çox vacibdir, bizim ümumi problemlərimiz çoxdur, bədii təhsilin qorunub saxlanması buna misal ola bilər. Əvvəllər biz bu məsələdə ən yaxşılardan idik. Hazırda biz yeni standartlara keçirik, lakin bunu milli özəlliklər hesabına etmək lazımdır", - Avdeyev cümə günü Bakıda Humanitar Əməkdaşlıq üzrə I Azərbaycan-Rusiya Forumunda deyib.
Həmçinin nazir qeyd edib ki, Azərbaycanda mədəniyyət sahəsinin necə maliyyələşdirilməsi, abidələrin necə bərpa olunması və s. Rusiyaya maraqlıdır.
"Biz unutmamalıyıq ki, mədəniyyətin səviyyəsi insanın əxlaqi keyfiyyətinə təsir edir. Rusiya və Azərbaycan mədəniyyət sahəsində qarşılıqlı fəaliyyət göstərməlidir, ölkələrimiz arasındakı əlaqələrin tarixi yaxşı nümunədir və humanitar əməkdaşlıq planındakı üsulu biz bütün dünyaya təqdim edə bilərik", - nazir deyib.
Avdeyev, həmçinin bu cür forumun keçirilməsinə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib.
Cümə günü Bakıda Humanitar Əməkdaşlıq üzrə I Azərbaycan-Rusiya Forumu işinə başlayıb. Forum təşkilatçıları hər iki ölkənin dövlət strukturlarıdır. Forum zamanı ikitərəfli əlaqələrin inkişafı, siyasi strukturların qarşılıqlı fəaliyyəti, ölkələrin vətəndaş cəmiyyətləri, peşəkar birliklər və yaradıcılıq ittifaqları məsələlərinin müzakirə edilməsi planlaşdırılır. Əsas diqqət KİV-in Rusiya və Azərbaycan arasında körpü yaradılmasındakı roluna, iki ölkə həqiqətlərinin geniş ictimaiyyətə çatdırılması, rus dilinin qorunub saxlanması və rusdilli informasiya məkanının genişləndirilməsinə yönəldiləcək.