Azərbaycan, Bakı, 27 fevral/ Trend müxbir M.Əliyev/
Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda martın 1-3-də "Çökmə örtüyünün geoloji mühitinin fiziki-mexaniki vəziyyətinə müasir geodinamikanın təsiri" mövzusunda beynəlxalq seminar keçiriləcək. Bu barədə institutun məlumatında deyilir.
Almaniyanın, Fransanın, Rusiyanın və Gürcüstanın alimlərinin iştirak edəcəyi seminarda Qafqazın və Cənubi Xəzər hövzəsinin geodinamik şəraiti və seysmik təhlükələrinə dair məsələlər müzakirə ediləcək.
Seminar çərçivəsində həmçinin Rusiya Təbii Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycanda paleomaqnitizm elminin banisi, fizika-riyaziyyat elmləri doktoru Tofiq İsmayılzadənin anadan olmasının 80 illiyi qeyd olunacaq.