...

Gürcüstanda 31 mart qırğını qurbanlarının xatirəsi yad edilir

Cəmiyyət Materials 30 Mart 2010 17:11 (UTC +04:00)
Azərbaycanın Gürcüstandakı səfirliyi azərbaycanlılara qarşı erməni-bolşevik birləşmələri tərəfindən törədilən qanlı mart qırğınının qurbanlarının xatirəsinə həsr olunmuş bir sıra tədbirlər keçirir. Tədbirlərdə Gürcüstandakı azərbaycanlı və gürcü ziyalıları iştirak edirlər.
Gürcüstanda 31 mart qırğını qurbanlarının xatirəsi yad edilir

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir S.Ağayeva/

Azərbaycanın Gürcüstandakı səfirliyi azərbaycanlılara qarşı erməni-bolşevik birləşmələri tərəfindən törədilən qanlı mart qırğınının qurbanlarının xatirəsinə həsr olunmuş bir sıra tədbirlər keçirir. Tədbirlərdə Gürcüstandakı azərbaycanlı və gürcü ziyalıları iştirak edirlər.

Mart qırğınının 92-ci ildönümü ərəfəsində "Xocalıya ədalət - Qarabağa azadlıq" kampaniyasının dəstəklənməsi üzrə imzatoplama davam edir. Bu barədə səfirliyin məlumatında deyilir.

"Azərbaycan tarixində şərəfli və qəhrəmanlıq hadisələri ilə yanaşı, çoxmillətli və çoxkonfessiyalı Qafqazda erməni separatizminin aktiv reallaşması və monoetnik zonaların əmələ gəlməsinin başlanması ilə üst-üstə düşən faciəvi səhifələr də xüsusi yer tutur. Azərbaycanın coğrafi məkanı, dini mənsubiyyəti və təbii sərvətləri bu siyasətin həyata keçirilməsinin episentrində ölkənin vəziyyətini əvvəlcədən müəyyən edib", - məlumatda deyilir.

Rusiya imperiyası və ermənilərin timsalında dünyanın qalan hissəsi arasında bufer zonanın yaradılması üzrə çarizm tərəfindən həyata keçirilən imperiya siyasətinin bütün ağırlığı faktiki olaraq Azərbaycanın üzərinə düşüb.

1918-ci ildə Rusiyada Oktyabr inqilabından və birinci Dünya Müharibəsində çarizmin məğlubiyyətindən sonra müvəqqəti hakimiyyətsizlik şəraitində Qafqaz dünyanın müxtəlif ölkələrinin çoxsaylı qırğınlarının, intriqa və hərbi əməliyyatların meydanına çevrildi. Osmanlı İmperiyasının Silahlı Qüvvələri ilə döyüş meydanında uğursuzluqdan sonra erməni terrorçu daşnaqlarının silahlı birləşmələri Cənubi Qafqazda möhkəmlənmək məqsədilə müvəqqəti hakimiyyətsizlikdən istifadə edərək və bolşevik qüvvələri ilə tandem yaradaraq Bakı, Şamaxı, Quba, Salyan və Azərbaycanın digər regionlarında etnik təmizləmə siyasətini həyata keçirməyə başladılar. Vətənin hakimiyyəti müvəqqəti əldə etmiş bolşevik və daşnaqlardan azad edilməsi uğrunda mübarizəyə pis silahlanmış yerli sakinlərə qarşı təpədən dırnağa qədər silahlanmış terrorçu dəstələri və banda birləşmələri yeridildi. Üstəlik, daşnaqların Osmanlı İmperiyasında etnik təmizlənmə ilə bağlı təcrübəsi var idi. Həmin hadisələr zamanı yüz minlərlə günahsız dinc sakin məhv edilib. Təəssüf ki, bu gün güclü diasporun sayəsində daşnaqlar dünyada "1915-ci il erməni soyqırımı" haqqında mif yarada biliblər. Halbuki, real hadisələrə işıq sala biləcək yüzillik tarixə malik arxiv materialları indiyədək açılmayıb.

1918-ci il martın 31-də yerli sakinlər - azərbaycanlılar tərəfindən silahlar rəsmi şəkildə təhvil verildikdən sonra bir neçə gün ərzində erməni terrorçuları 15 minədək dinc sakini məhv etdilər. Bakının dağlıq hissəsində bu qurbanların kütləvi dəfn olunduğu Xiyabanın sovet hakimiyyətinin ilk illərində izi itirilib, yalnız müstəqillik əldə olunduqdan sonra bərpa edilib. Həmin dəhşətli illərdə Bakı cəhənnəm tiyanına çevrilmişdi - neft bumu dövründə inşa edilən yaraşıqlı binalar alov içində idi, yaşayış məhəllələri gəmilərdən artilleriya silahları ilə atəşə tutulurdu, məscid və məhəllələr meyitlərlə dolu idi. O zaman Bakıda fəaliyyət göstərən Fars konsulluğunun sayəsində qətlə yetirilən dinc sakinlərin qismən dəfn olunması mümkün oldu.

Azərbaycan xalqı 1918-ci ildə bu nifrətin səbəblərini bilmirdi. 1944, 1954, 1988, 1990, 1991-1994-ci illər hadisələri regionda baş verənləri anlamağa və diaqnoz qoymağa imkan verdi - sürünən erməni separatizmi, etnik təmizləmələr və Qafqazda monoetnik zonaların yaradılması "Böyük Ermənistan" sərsəm ideyasının reallaşmasına yönəlib.

Xəbər lenti

Xəbər lenti